İxtisasartırma təlimlərinin növbəti mərhələsi

Ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib.

“Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi ibtidai sinif şagirdlərində oxu vərdişlərini formalaşdırmaq, oxuyub-anlama və yazılı mətnlər üzərində işləmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Təlimlərdə məktəblilərə oxunun əsas komponentləri ilə iş, şagirdlərin oxuya həvəsləndirilməsi yolları, oxuyub-anlama bacarıqlarının inkişafında idrak taksonomiyasının rolu, oxu dərslərinin mərhələli şəkildə təşkili, köməkçi oxu metodlarından istifadə, səmərəli oxu strategiyalarının tətbiqi və digər mövzulara toxunulur.

Praktik, interaktiv metod və strategiyalar əsasında keçirilən təlimlərdə ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçiriləcək.

Yekun qiymətləndirmənin  nəticələrinə əsasən, ibtidai sinif  müəllimlərinə ixtisasartırma  təhsili  haqqında sertifikat təqdim olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here