Jurnalistika fakültəsində Mirzə Cəlilə həsr olunmuş dəyirmi masa keçirilib

BDU-nun Jurnalistika fakültəsində görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.

“Sherg.az” xəbər verir ki, televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının icrasına uyğun olaraq Jurnalistika fakültəsində tədbirlərə start verilib.

Vurğulanıb ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, “Molla Nəsrəddin” ədəbi məktəbinin, satirik jurnalistikanın, bədii düşüncənin, satirik karikatura janrının formalaşmasında mühüm rol oynayıb.

Görkəmli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadənin Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri olduğunu vurğulayan fakültə dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qeyd edib ki, bu tədbirlər böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini xalqa tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

Ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında Vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli dəyirmi masanın keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb:

“Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Ədibin təbliğ etdiyi demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. “Molla Nəsrəddin” jurnalının başında C.Məmmədquluzadə kimi açıq fikirli bir ziyalının durması Azərbaycan xalqının mütərəqqi qüvvələrinin, demokratik düşüncəli insanların bir araya gəlməsinə səbəb olmuşdur”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz roluna diqqət çəkib. Qeyd edib ki, böyük yazıçı-dramaturqun irsinə dövlətimiz və xalqımız bu gün də ehtiramla yanaşır.

“Xalq” qəzetinin baş redaktor müavini, Azərbaycan Mətbuat şurasının Təftiş və Nəzarət komissiyasının sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu, professorlar Alxan Məmmədov, Nəsir Əhmədli, dosentlər Məmmədismayıl Mehdiyev, Aygün Əzimova çıxışlarında Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri olmasından söz açıblar. Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.

Dəyirmi masa geniş müzakirədən sonra başa çatıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here