Jurnalistikanın Akif müəllimi

Qayəsi sadəlik, xeyirxahlıq və dürüstlük olan pedaqoq
Deyirlər, insanı inkişaf etdirən, formalaşdıran onun yaşadığı cəmiyyət və kollektivdir. Nə yaxşı ki,  belə kollektivlərdən birində – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləməli oldum. Burada dərs deyən bir çox müəllimlər var ki, onlar öz gözlərində deyil, başqalarının gözlərində yüksələnlərdir. Onlardan biri də Akif Rüstəmovdur. Jurnalistika fakültəsinin sayılıb-seçilən müəllimlərindən olan Akif müəllim həm də universitet kollektivinin hörmət etdiyi müəllimlərdəndir.

 Ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir
Həyatı və fəaliyyətini jurnalistika fakültəsi ilə bağlayan Akif müəllimin haqqında danışmaq həm də universitetin yaxın tarixinə ekskurs etməyə bərabərdir. Jurnalistika fakültəsində işə başlayanda ilk ünsiyyət yaratdığım adam Akif müəllim olub. Mənim Akif müəllimlə tanışlığımın tarixi 1984-cü ildən başlanır. Baxmayaraq ki, aramızda yaş fərqi var, biz onunla elə ilk gündən dostlaşdıq. Beləcə, dostluğumuz 33 ilə yaxın dövrü əhatə edir. Sadəlik, xeyirxahlıq və dürüstlük Akif müəllimin qayəsidir. Qədim çin mütəfəkkiri Konfutsi deyirdi ki, ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir. Akif müəllim də yaxşılıq etdiyi insanların fərqinə varmır. Mənimlə bağlı bir faktı qeyd edim: fakültənin tədris-teleradio studiyasının rəhbəri idim. Bir gün o, mənə dedi ki, televiziya və radio jurnalistikası kafedrasında boş olan müəllim yerinə keçmək istəyirsənmi? Amma şərt də irəli sürdü – gərək həm də dekan müavini vəzifəsini aparasan. Düzü, dekan müavini vəzifəsinin məsuliyyəti məni qorxutdu. Elə bu səbəbdən əvvəlcə razılaşmadım, sonra “saqqızımı oğurladı” və razılıq verdim. 20 il dekan müavini vəzifəsində çalışdım. Onu da deyim ki, tədrisi də elə Akif müəllimdən öyrəndim. Bu gün də yeri gələndə köməyimə çatır, məsləhətlərini verir.
Həmişə tələbələri təmkinlə dinləyir
Akif müəllimin otağının qapısı hamının, xüsusilə də tələbələrin üzünə daima açıqdır. Bu, onun dekan vaxtında da belə idi, indi də belədir. Onun tələbələrə münasibəti təkcə müəllim-tələbə münasibətilə bitmir. Bu həm də, əgər belə demək mümkündürsə, övlada münasibətidir. O, həmişə tələbələri təmkinlə dinləyib, qərarını verir. Dəfələrlə tələbələrin tədris müddətində yaranmış problemlərinə Akif müəllimin necə həssaslıqla yanaşmasının şahidi olmuşam. Heç kəsə sirr deyil ki, jurnalistika fakültəsi digər fakültələrdən seçilir. Burada təhsil alanların əksəriyyəti hələ tələbə ikən kütləvi informasiya vasitələri ilə əlaqə saxlayırlar. Odur ki, informasiya sarıdan da korluq çəkmirlər. Bəzən onların verdikləri “qəliz” suallara elə cavab verməlisən ki, səndən narazı qalmasınlar. Belələri ilə işləmək də asan deyil. Xüsusilə, Akif müəllimin dekan olduğu illərdə (1989-1999). Həmin dövr respublikanın ağır günləri idi. Qarabağ müharibəsi, ölkədəki ictimai-siyasi vəziyyət, mitinqlər, sui-qəsdlər, jurnalistlərin döyülməsi, bir sözlə, sabitliyin pozulması tələbələri də hərəkətə gətirmişdi. Bu dövrdə Akif müəllim hər bir tələbəni düzgün istiqamətləndirməyi də bacardı. O deyirdi ki, bu tələbələr müxtəlif ailələrdən gəlirlər, onların hamısı ilə eyni tonda danışmaq düzgün deyil. Onlarla elə danışmalısan ki, səni düzgün başa düşsünlər. Yoxsa tələbəni qorxutmaqla, yalnız pərdəni aradan götürmüş olarsan. Bu da son nəticədə işimizə ziyan gətirər.
Ayrı-seçkiliyə yol vermirdi
Zahirən təmkinli, mülayim xarakterli olan Akif müəllimlə mübahisələrimiz də olub. Aramızdakı inciklik bəzən bir neçə gün çəkib. Di gəl, kimin haqlı, kimin haqsız olduğunu kənara qoymuşuq. Həmişə deyərdi ki, vəzifə müvəqqətidir, gərək elə işləyəsən ki, vəzifədən gedəndən sonra da sənə salam verənlərin sayı azalmasın. Onun dekan kreslosunda oturduğu ilk günü də xatırlayıram. Həmin tarixi masanın kənarına yazıb, yarı zarafat, yarı gerçək, vəzifədən gedəcəyi günə də yer qoymuşdu. Bu illər Akif müəllimin kollektivin hər bir üzvünə eyni münasibət bəslədiyini, ayrı-seçkiliyə yol vermədiyinin, o qanlı-qadalı günlərdə onları necə qoruduğunun şahidiyəm. 90-cı illərin əvvəllərində respublikamızda yaranmış siyasi durumla əlaqədar bütün fakültələrdə gecələr müəllimlərdən növbətçi qalırdı. Bizim fakültədə isə yalnız ikimiz – Akif müəllim və mən növbətçi olardıq. Ondan soruşanda niyə müəllimlərdən istifadə etmirsən? Deyərdi ki, məni müəllimlər dekan seçib, onlar məni qoruduğu kimi, mən də onları qorumalıyam.
Akif müəllim o tələbəni qorudu…
Azadlıq uğrunda mücadiləyə qalxan xalqın gözünü qorxutmaqdan ötrü Moskva 20 Yanvar qırğınını törədərək, cinayətə əl atdı. Onda Akif müəllimlə birgə tələbələrimizi qorumaq üçün tez-tez auditoriyalara girib, onların üzləşə biləcəkləri problemlərlə maraqlanırdıq. Lakin bir müəllimimiz – dosent Əliş Nəbili o qarışıq günlərdə gülləyə tuş gəldi. “Kəndçilər” xəstəxanasında ona baş çəkdik. Həmin vaxt Akif müəllimin necə həyəcanlı olduğunu, Əliş müəllimə necə təsəlli və ürək-dirək verdiyini gördüm. Əliş müəllim haqq dünyasındadır. Allah ona rəhmət eləsin! Bu da faktdır ki, meydan hərəkatı zamanı tələbələrin bir qismi orada-tonqal başında, mitinqlərdə xalqla birgə olurdu. Bir hadisəni yada salmaq istəyirəm. Səhv etmirəmsə, 1989-cu ilin sonu idi. Qız tələbələrdən biri “Azadlıq” meydanında odlu-alovlu çıxış etmiş, Qarabağ hadisələrinin alovlanmasında Kremli günahlandırmış, əlaqədar təşkilatları tənqid edərək, gecəni də orada mitinqçilərlə birgə qalmışdı. Nəzərə alsaq ki, SSRİ hələ dağılmamışdı, belə hadisələr nəzarətdən yayınmırdı. Odur ki, səhəri gün müvafiq orqandan gələn nümayəndə tələbə ilə görüşmək istəyini bildirmişdi. Bunu da onun yataqxanadan ədyal aparması ilə  əlaqələndirməyə çalışırdı. İşin nə yerdə olduğunu başa düşən Akif müəllim müxtəlif bəhanələr gətirərək, bu görüşün qarşısını aldı və tələbəni qorudu. Həmin tələbə isə bu gün dövlət qəzetlərindən birinin əməkdaşı kimi parlament müxbiridir.
Tələsməyin, o günləri də görəcəyik…
1990-cı illərin əvvəli YUNESKO-nun fakültəmizə hədiyyə etdiyi tədris-teleradio studiyası da Akif müəllimin səyi nəticəsində başa gəlmişdi. Müstəqilliyimizin ilk illəri idi. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi fakültəyə gəlmişdi. O, dekan, universitet rəhbərliyinin nümayəndəsi ilə birgə tələbələrlə görüşdü. Mən də onların arasında idim. Onlarla qısa tanışlıqdan sonra qonaq belə bir sual verdi: “Necə bilirsiniz Azərbaycanda mətbuat azaddırmı?” Tələbələrdən bir neçəsi əlini qaldırmadı. Dəhlizdə rəhbərlikdən gələn şəxs Akif müəllimdən soruşdu ki, o tələbələr niyə əllərini qaldırmadı, məgər mətbuat azad deyil? Onda Akif müəllim belə cavab verdi: “Müstəqil mətbuatın, söz azadlığının mövcudluğu demokratiyanın əsas tələblərindən biridir. Sovet şinelindən yenicə çıxmışıq, demokratiyanın bərqərar olmasına hələ var, tələsməyin, o günləri də görəcəyik”.
Ustadına kəm baxanın, gözlərinə qan damar
Təbiətcə sakit olan Akif müəllim bir xeyirxah insan kimi elədiyi yaxşılığı heç vaxt üzə vurmur. O, bu illər ərzində neçə-neçə tələbəni universitetdən xaric olunmaqdan xilas etmiş, haqsızlığa yol verməmişdir. Fakültəni bitirən tələbələr çox yaxşı bilir ki, Akif müəllim öz yaxşılığını əməlində sübuta yetirir. Akif müəllim sadə olduğu qədər sərt də ola bilir. Az da olsa belə halların da şahidi olmuşam. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində olmuş bir hadisəni heç cürə unuda bilmirəm. Rektorluğun iclasında o vaxtkı rektor iyirmi-otuz adamın içində Akif müəllimi ayağa qaldırıb demişdi ki, Nəsir İmanquliyevlə Seyfulla Əliyev yaşlanıb, onların təqaüdə getmələri barədə sabah təqdimat gətir. Akif müəllim bu yersiz tapşırıqdan bir müddət stress keçirdi. Təqdimat yazmadı, vəziyyət bir qədər də gərginləşəndə dekan vəzifəsindən getməsi barədə öz ərizəsini yazdı və rektora qətiyyətlə bildirdi: Onların hər ikisi müəllimim olub, belə bir təqdimat yaza bilmərəm. Akif müəllim axıra kimi dediyinin üstündə durdu, təqdimat yazmadı.
Bizim üçün həmişə mənəvi dekandır
Akif müəllimin dekan vəzifəsindəki fəaliyyəti barədə söz açdım. Bir neçə kəlmə də onun pedaqoji, elmi və bədii yaradıcılığı haqqında demək istəyirəm. Hazırda Akif müəllim jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. O, tələbələrə “Jurnalistikaya giriş”, “KİV-in hüquqi tənzimlənməsi”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənlərini tədris edir. Eyni zamanda Akif müəllim bir neçə dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Onun “Dünya jurnalistika tarixi”, “Jurnalistikanın əsasları”, 2 cildlik “Jurnalistika” adlı kitablarından tələbələr bu gün də dərs vəsaiti kimi istifadə edirlər. Hazırda Akif müəllim “Jurnalistika və cəmiyyətin informasiya təhlükəsizliyi” adlı dərs vəsaiti üzərində işləyir. Onun “Ordan-burdan” rubrikası altında “Filankəs” imzası ilə mətbuatda 30-a yaxın yumoristik yazıları da dərc olunaraq, geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Bu yazılar bədii publisistik yazılardır. Təkcə “demokrat dekan” imici yox, həm də ümumtələbə sevgisi qazanmış Akif müəllim barədə “Ədalət” qəzetində çalışan tələbələrin 15 il əvvəl yazdığı təbriki bir daha yada salmaq istəyirəm: “Akif müəllim öz insanlığı, tələbələrə atalıq qayğısı, jurnalist adını yüksək tutması və ən əsası demokratikliyi ilə seçilir. O, dekan vəzifəsindən getsə də, bizim üçün həmişə mənəvi dekandır və dekan olaraq da qalacaq”.
Gözəl pedaqoq və yaxşı insan
Bəli, o, adını jurnalist tələbələrin yaddaşında yaşadır. Bu gün də keçmiş məzunlar fakültəyə gəldikdə ilk soruşduqları müəllimlərdən biri də Akif müəllim olur. Bütün məzunlar onu gözəl pedaqoq və yaxşı insan kimi xatırlayırlar.
Dekabrın 19-u Akif Rüstəmovun doğum günü idi. Onun 77 yaşı, bizim dostluğumuzun isə 33-cü ili tamam oldu. Professoru ad günü münasibəti ilə, özümü isə onu tanıdığım üçün təbrik edirəm!
P.S. Həyatda təmənnasız dostu olanlar məni anlar!
 
Əli Hacıyev,
BDU-nun jurnalistika fakültəsinin baş müəllimi