Kəmaləddin Heydərov uşaqları sevindirdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.

Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyub, onun xatirəsini yad ediblər. Sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Mərasimdə bildirilib ki, sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsi olub.

Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 490 rəsm, 241 plakat, 202 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 111 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Ümumilikdə birinci yerə 32 nəfər, ikinci yerə 39, üçüncü yerə 37 nəfər layiq görülüb, 30 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.

Sonra müsabiqədə ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin bütün iştirakçılara həvəsləndirici mükafatlar verilib.

Mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digərləri təqdim ediblər.

Tədbir bədii hissə ilə davam edib.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here