Kənd Təsərrüfatı Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Martın 9-da Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, görüşün məqsədi Cənubi Qafqazın kənd regionlarında davamlı inkişaf və enerji təhlükəsizliyi naminə təbii sərvətlərin və ətraf mühitin dayanıqlı idarə olunması sahəsində yeni əməkdaşlıq proqramının – “Otlaqların idarə edilməsinin təkmilləşdirilməsi” və “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorların hazırlanması və qiymətləndirmənin aparılması” layihələrinin müzakirəsi olub.

Dövlətimizin başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışan nazir müavini İlham Quliyev, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə subsidiyaların ayrıldığı, fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, damazlıq heyvanların güzəştlə verildiyi, onların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduqları, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa xüsusi diqqət yetirildiyi barədə geniş məlumat verib.

Nazir müavini ölkəmizin tarixən əkinçilik və heyvandarlıqla məşğul olduğunu və əhalinin 38 faizinin aqrar sektorda çalışdığını qeyd edib. Bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, hazırda dövlətimizin başçısı tərəfindən qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda infrastruktur layihələri həyata keçirilir.

İlham Quliyev aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramlarının, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş əsas hədəflərə nail olmaq üçün həyata keçiriləcək layihələrin əhəmiyyətini vurğulayıb.

Nazir müavini, həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində son dörd ildə Baytarlıq şəhərciyinin, Süni Mayalanma Mərkəzinin inşa olunması, Dövlət Fitosaniotar Nəzarəti Xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi və hazırda toxumçuluq üzrə laboratoriyaların quraşdırılması, Azərbaycanın milli at cinsləri olan Qarabağ və Dilboz atları üçün kompleksin tikilməsi, habelə Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris korpusu və tələbə yataqxanasının tikilib başa çatdırılması barədə məlumat verib. Bu layihələrin Azərbaycanda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyini bildirib.

Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə “Otlaqların idarə edilməsinin təkmilləşdirilməsi” və “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorların hazırlanması və qiymətləndirmənin aparılması” layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində müzakirə olunan məsələlər üzrə ehtiyaclar müəyyən ediləcək və təkliflər hazırlanacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here