Kənd Təsərrüfatı Nazirliyi Samuxda üzümçülər üçün təlim təşkil edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti mütəxəssislərin iştirakı ilə Samux rayonunda üzümçülüklə məşğul olan fermerlər üçün təlim keçib.

Təlim Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Tədbiri açan Samux Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rahil Həsənov rayonda üzümçülük ənənələrindən və bu sahənin müasir vəziyyətindən danışıb. Bildirilib ki, kənd təsərrüfatının üzümçülük sahəsi daha gəlirli olduğundan Samuxda üzümün həm süfrə, həm də texniki sortları yetişdirilir. Rayonda becərilən süfrə sortları daxili bazarda, texniki sortları isə şərab istehsalı müəssisələrinə satılır.

Rahil Həsənov innovativ metodların tətbiqi ilə üzümün becərilməsində daha yüksək məhsuldarlığa nail olmağın mümkünlüyündən, həmçinin bu sahənin rəqabətqabiliyyətli sahəyə çevirmək üçün sahibkarların dəyər zəncirinin bütün həlqələri üzrə icra edəcəkləri işlərin vacibliyindən danışıb.

Layihə rəhbəri Anar Əzimov rəqabət qabiliyyətinin gücləndirilməsi haqqında təlim iştirakçılarına ümumi məlumat verib.

Bildirilib ki, təlim layihənin “Samux rayonunda quru meyvə istehsalı” sub-layihəsinin tərəfdaş fermerləri üçün təşkil olunub. Layihədə 9 fermer birləşsə də, təlim açıq olduğundan 80 nəfərədək üzümçü, eləcə də mütəxəssis bu təlimdə iştirak etmək üçün müraciət edib.

Layihənin qrup rəhbəri Arif Cahangirov “Dəyər zəncirinin inkişafına investisiya və məsləhət xidməti dəstəyi sub-layihəsi haqqında” təqdimatla çıxış edib.

Sub-layihənin koordinatoru Nəriman Ələkbərov Samux rayonunda “Meyvə qurusu istehsalı sub-layihəsi” haqqında məlumat verib.

Sonra təlim iştirakçıları beynəlxalq mütəxəssis Əli Əşrəf Xəlilinin “Üzümlüklərdə məhsuldarlığı artırmaq üçün mineral gübrələrin və mikroelementlərin tətbiqi”, məsləhətçi Nəzakət İsmayılzadənin “Üzümlüklərdə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi”, digər məsləhətçi Sevil Abdullayevanın “Kişmiş üzümün bioloji xüsusiyyətləri nəzərə alınmaqla becərilmə qaydaları” barədə çıxışlarını dinləyiblər.

Təlimdə qeyd edilib ki, kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi çərçivəsində 20-dək aqrobiznes dəyər zənciri layihəsinə qrant verilməsi nəzərdə tutulub. Artıq 5 layihəyə görə Dövlət Xidməti ilə sahibkarlarlar arasında müqavilə imzalanıb.

Vurğulanıb ki, layihəni həyata keçirməkdə məqsəd kənd təsərrüfatı məhsulları istehsalında möhkəm, qırılmaz dəyər zəncirlərinin iqtisadiyyatda nümunə ola biləcək pilot modellərini hazırlamaqdır.

Ekspertlərin nəzəri təqdimatlarından sonra təlim iştirakçıları layihə iştirakçısı olan fermerlərin sahələrinə səfər edib, biliklərini təcrübi olaraq daha da artırıblar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here