Kitaba bağlı rəssam

Kitab, daha dəqiq desək, dərsliklərlə bağlı nəşrlər qrafikanın tətbiq olunduğu bütün sahələrin daha çox yayılanı və məsuliyyətlisidir, desək, yanılmarıq. Belə ki, hər bir dərsliklə onun üz qabığından başlanan zahiri tanışlıq, daha sonra onun çoxsaylı səhifələrini təşkil edən mətnlərlə və onları müşayiət edən rəsm və illüstrasiyalarla davam edir və kitab barəsində müəyyən ilkin təsəvvür yaradır.

Etiraf edək ki, kitabdakı mövzuların oxunuşunda və dərkində onların qonşuluğundakı təsvirlərin əhəmiyyəti kifayət qədər duyulandır. Onlarla milyonlarla müəllim-şagird və valideynin tanış olmasının qarşılığında, bircə anın içində həm də həmin kitab qrafikası nümunələrinin saysız-hesabsız tamaşaçısının yarandığını söyləyə bilərik. Belə çoxsaylı oxucu-tamaşaçı auditoriyası ilə tez-tez qarşılaşan rəssamlarımızdan biri də Abdulla Ələkbərovdur. 1959-cu ildən taleyini kitab tərtibatına bağlayan sənətkar bu gün respublikamızda bu sahədə davamlı olaraq fəaliyyət göstərən ən təcrübəli rəssamdır. Bu zəngin təcrübəni hər dəfə uğurlu kitaba çevirməyi bacaran sənətkar öz sahəsinin barmaqla sayıla biləcək professionallarından sayılır. Bu təqdir təhsil və dərslik sahəsində çalışan mütəxəssislərin gəldikləri qənaətdir…

Rəssamın yaradıcılığının təhlilinə keçməzdən əvvəl gəlin onun bioqrafiyasına nəzər salaq. Hələ 1954-1959-cu illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində ixtisas təhsili alan və burada təcrübəli pedaqoq-rəssam B.Maratlı və H.Məmmədovdan sənətin sirlərini öyrənən gənc rəssam, işlədiyi “Azərbaycan bu gün” adlı diplom əsərində özünəməxsus dünyagörüşünə malik olduğunu sərgiləyə bilib. Təyinatla o dövrdə respublikanın ən nüfuzlu nəşriyyatlarından hesab olunan “Azərnəşr”də əmək fəaliyyətinə başlayan rəssam kitab tərtibatı ilə bağlı elə ilk işlərində mətnin ruhuna bələdçiliyini təsdiqləyib. Bakıda keçirilən müxtəlif miqyaslı sərgilərdə ədəbiyyat nümunələrinə çəkdiyi qrafik əsərləri nümayiş etdirən A.Ələkbərov 1972-ci ildə həm də Azərbaycan Rəssamlar İttifaqına da üzv qəbul olunub.

Etiraf edək ki, əsərini sərgi salonlarında ictimaiyyətə təqdim edən fırça ustası ilə öz yaradıcılığının təmtəraqlı təqdimatına heç bir iddiası olmayan kitab rəssamı arasında duyulası fərq vardır. Belə ki, sərgi eksponatından fərqli olaraq uşaq-məktəbli dünyagörüşünə hesablanmış kitab illüstrasiyası həm məzmunlu və müasir, həm də inandırıcı və tərbiyələndirici olmalıdır. Abdulla Ələkbərovun kitablara özünəməxsus münasibətinin nəticəsidir ki, o, 1964-cü ildən “Maarif” nəşriyyatında çap olunan dərsliklərin və digər məzmunlu nəşrlərin bədii tərtibatına rəhbərlik etməkdədir. 1994-cü ildən həm də “Təhsil” nəşriyyatının baş rəssamı vəzifəsində çalışan rəssam ötən illərdə yüzlərlə müxtəlif məzmunlu kitaba bədii tərtibat verməklə, respublikamızda bu sahədə görülən işlərin beynəlxalq tələblərə cavab verməsinə duyulası töhfələr bəxş edib. Həmin nəşrlər əvvəlcə Moskvada keçirilən (1977, 1983, 1985, 1987, 1989, 1991) ənənəvi Beynəlxalq Kitab Sərgisində, 1993-2008-ci illərdə isə Azərbaycanda və Türkiyədə təşkil olunan sərgilərdə uğurla nümayiş etdirilib. Rəssamın 1987-ci ildə ibtidai sinif dərsliklərinin tərtibatına görə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (Moskva) bürünc medalına layiq görülməsini də onun bu sahədə əldə etdiyi sənətkarlıq təcrübəsinə verilən layiqli qiymət saymaq olar. Rəssamın “Nailiyyət” jurnalist mükafatına (1996), “Səməd Vurğun-90” fəxri diplomuna (1996) və “Qızıl qələm” – kamil sənətkar” mükafatına (1998) layiq görülməsini də nəşriyyat sahəsində səmərəli yaradıcılığının dəyərləndirilməsi kimi qəbul etmək olar.

Rəssamın humanitar fənlərlə bağlı kitablara verdiyi tərtibatların və həmin nəşrlərin müxtəlif məzmunlu mətnlərinə çəkilən illüstrasiyaların bütün mənalarda diqqət çəkdiyini vurğulamaqla, həmin dərsliklərin üz qabığından tutmuş hər bir səhifəsinə kimi şagirdlərin estetik zövqünün formalaşması və vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynadığını qeyd etməliyik.

Onun yaradıcı uğurlarından biri də tərtibatını verdiyi “Qarabağ” və “Atlantlar” kitablarının Beynəlxalq Moskva sərgisində (2005) qalib adını qazanması ilə bağlı olmuşdur. Qəribə də olsa onun kitab çapı ilə bağlı kifayət qədər duyulası uğurları və yetişməkdə olan nəslin zövqünün və estetik tərbiyəsinin formalaşmasında danılmaz rolu daha ciddi təqdir etmək nədənsə heç kimin yadına düşməyib. Qənaətimizcə, hazırda ömrünün 81-ci baharını yaşayan görkəmli kitab rəssamının peşə borcuna sədaqətinin gec də olsa, layiqincə dəyərləndirilməsi çox ədalətli olardı…

Məşhur “Əzimzadə məktəbi”ndə rəngkarlıq üzrə peşə vərdişlərinə yiyələnən Abdulla Ələkbərov sonradan yaradıcılığında əsas yer tutan qrafikaya sədaqətini bu günə kimi nümayiş etdirməklə, dəzgah və kitab qrafikası sahəsində bir-birindən maraqlı nümunələr yaratmağa nail olub. Onun vaxtaşırı ərsəyə gətirdiyi süjetli kompozisiyaları, mənzərə və natürmortları, eləcə də ekslibrisləri də bunu təsdiqləyir. Rəssamın 2003-cü ildə Bakıda keçirilən və ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr olunan beynəlxalq ekslibris müsabiqəsində I mükafata layiq görülməsi, həm də qrafikanı onun bu qədim sahəsinə ifadə məziyyətlərinin incəliyinə dərindən bələdçiliyinin nümayişi oldu. Kompozisiyanı “Heydər Əliyev – Müstəqil Azərbaycan” adlandıran Abdulla Ələkbərov burada zamanında əzəli ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparan Şah İsmayıl Xətai ənənəsinin Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə də uğurla davam etdirildiyini yaddaqalan bədii vasitələrlə ifadə etmişdir. Bu əsər onun tarixi şəxsiyyətlərin obrazlarına müraciət baxımından sonuncu olmadı. Onun Nizami və Füzuli, Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov və Heydər Əliyevlə bağlı əsərlərini bunun əyani ifadəsi saymaq olar.

Rəssamın dəzgah qrafikası nümunələrində müxtəlif süjetləri obrazlı bədii tutumda, duyğulandırıcı rəng həllində təqdim etmək istəyi də qabarıqdır. “Nəğməkar qız”, “Şuşa gözəli”, “Milli bayraq sevgisi”, “Azərbaycan musiqisi”, “Sevgi motivi”, “Yaz gələndə” və s. lövhələr bu baxımından maraq doğurur. “Göl” şəkilli kompozisiyaya malik olan “Nəğməkar qız”da fiquru musiqi sədaları ilə ovsunlaşmış bülbüllərlə əhatələyən rəssam süjeti qızılı-sarı koloritdə təqdim etməklə, bütünlükdə onun ovqatyaradıcı görüntüyə çevrilməsini şərtləndirmişdir.

“Şuşa gözəli”ndə bəyaz geyimli, mələk xislətli gənc qızı şəhərin memarlıq rəmzinə çevrilən və bu gün işğala məruz qalan Yuxarı Gövhər ağa məscidi ilə üz-üzə, göz-gözə qoyan rəssam kompozisiyada onun doğma yurd həsrətinə yaxın vaxtlarda son qoyulacağına tamaşaçıda inam yaradır.

Rəssamın “Milli bayraq sevgisi” əsərində də xalqımızın sülhsevərliyinə əyanilik gətirən bədii ayrıntılar, duyğulandırıcı rəng həlli gözoxşayandır. Hiss olunur ki, onun kompozisiyanı düşündürücü bədii mənəvi qaynağa çevirmək potensialı böyükdür.

“Yaz gələndə” əsəri elə adına müvafiq kompozisiyaya malik olmaqla, tamaşaçısını torpağa bağlı insanların yaz qayğılarının bədii görüntüsü ilə qarşılaşdırmışdır. Baharda görülən işlərin insan həyatına bəxş etdiyi sevinc hisslərinə obrazlı görkəm verməyi bacaran rəssam bütünlükdə əmək ətirli lövhənin nikbinliyinə nail olmuşdur.

A.Ələkbərovun əsərlərindəki müxtəlif süjetlər çox vaxt təbiətin qoynunda cərəyan edir. Təbii ki, torpaq və insanlardan söz açan kompozisiyalar üçün bu vacibdir. Lakin rəssamın bir çox əsərləri var ki, o, burada özünü sırf mənzərə ustası kimi göstərə bilmişdir. Yurdumuzun əsrarəngiz guşələrinin əks olunduğu belə lövhələrdə onun yurd sevgisi duyulmaqdadır.

Bütünlükdə götürdükdə Abdulla Ələkbərovun realist-gerçəkçi bədii ənənələr üzərində qurulmaqla, zaman-zaman milli miniatür üslubundan faydalanmaqla bədii ifadə vasitəsinə çevrilən dəst-xətti rəssamlıq məkanında kifayət qədər tanınandır. Qənaətimizcə, sənətkarın yaratdıqlarının zamansızlığa qovuşması üçün bu, çox vacib bədii-estetik keyfiyyətdir…

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here