RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT

“Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcümə olunmasının 200 illiyi qeyd ediləcək

470
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan AzərTAc-a bildiriblər ki, şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidəsi olan Oğuz türk dastanı “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibəti ilə geniş tədbirlər planı hazırlanır.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə bu istiqamətdə müzakirələr aparılıb, tapşırıqlar verilib.

Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, “Kultura+” internet televiziyasının məsul şəxslərinin iştirak etdikləri müşavirədə akademik K.Abdullayev yanvarın sonunda tədbirlər planının müzakirəsi ilə bağlı beynəlxalq səviyyəli ilk toplantının keçirilməsinin vacibliyini vurğulayıb.

Dövlət müşaviri Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına böyük önəm verdiyini diqqətə çatdırıb: “Kitabi-Dədə Qorqud” abidəsinin açılış mərasimində ölkə başçısı bu dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əksini tapıb. Bu qayğı və diqqət ulu öndər Heydər Əliyevin dastana göstərdiyi münasibətin davamı və zamana uyğun inkişafıdır. Prezident İlham Əliyev Azərbaycanın bütün mənəvi dəyərləri ilə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanının da təbliğinin, öyrənilməsinin, dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinin tərəfdarı və təşəbbüskarıdır”.

K.Abdullayevin sözlərinə görə, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə Fridrix fon Dits tərəfindən almancaya tərcümə edilərək elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir. Dövlət müşaviri deyib: “Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir”. O, “Kitabi-Dədə Qorqud” və fon Dits – 200” mövzusunda Beynəlxalq Kollokviumun keçirilməsini təklif edib. Yanvarın sonlarına planlaşdırılan Beynəlxalq Kollokviumun təşkilat komitəsi yaradılıb.

Xatırladaq ki, Fridrix fon Dits Yunanıstanda yaranmış bir çox mifoloji süjetlərin məhz “Kitabi-Dədə Qorqud” dastanından qaynaqlandığını, dastandakı Təpəgöz obrazının Homerin “Odisseya” poemasındakı Polifem obrazı ilə müqayisədə daha qədim olduğunu söyləyib.

K.Abdulayev vurğulayıb ki, “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli tədqiqi ilə bağlı keçirilmiş konfranslar ermənilərdə qıcıq yaratmışdı. O deyib: “Azərbaycana qarşı düşmən mövqedə duranların münasibəti bir daha göstərdi ki, cəngavərliyin əks olunduğu dastanlarımızın təbliğatında doğru yol tutmuşuq. Hətta alman germanistləri dastanlar arasındakı bu oxşarlığı araşdırdılar, “Kitabi-Dədə Qorqud” dastanını bizimlə birgə tədqiq və təbliğ etməyə başladılar”.

Dövlət müşaviri “Kitabi-Dədə Qorqud” və fon Dits – 200” proqramı əsasında ilboyu keçiriləcək tədbirlərdə filoloqlarla yanaşı, riyaziyyatçı, fizik, həkim və mühəndislərin, eləcə də digər sahələrin mütəxəssislərinin iştirakına şərait yaradılmasını tövsiyə edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı