KİV rəhbərlərindən Zaxarovaya müraciət

Azərbaycanın aparıcı KİV-lərinin rəhbərləri “Trend” informasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolovun iyunun 1-də brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Artyom Kojinə verdiyi sualın cavabının təhrif olunması ilə əlaqədar Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar.
Sual Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı separatçı rejimin nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakının “zəruri olması” barədə bəyanatlarına aid olub.

Xatırladaq ki, A.Kojin deyib: “Ümumiyyətlə, məsələn, bu məsələyə dair əsası ATƏT tərəfindən qoyulmuş müvafiq relsə uyğun gəlməyən gurultulu bəyanatlar yəqin ki, qeyri-konstruktivdir” (“Ну, вообще громкие заявления, которые не укладываются в соответствующие рельсы, которые заложены, в частности, ОБСЕ по этому вопросу, наверное, неконструктивны”).

Müraciətdə deyilir: “Bizi təəccübləndirən bu oldu ki, brifinqin RF XİN-in saytında yerləşdirilən stenoqramında cənab Kojinin cavabı bu şəkildə təqdim edilib: ”Sizin, məsələn, bu məsələyə dair əsası ATƏT tərəfindən qoyulmuş müvafiq relsə uyğun gəlməyən gurultulu bəyanatlarınız, yəqin ki, qeyri-konstruktiv təsir bağışlayır” (“Ваши громкие заявления, которые не укладываются в рельсы, заложенные, в частности, ОБСЕ, наверное, представляются неконструктивными”). Yəni “ümumiyyətlə” (“вообще”) sözü “sizin” (“ваши”) sözü ilə əvəzlənib və beləliklə, cavab Ermənistanın baş nazirinin bəyanatına deyil, guya jurnalistin sualına aid olub.

Müraciətin müəllifləri qeyd edirlər ki, “Azərbaycan jurnalistikası Rusiya-Azərbaycan dostluğunu yüksək qiymətləndirir və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qorunub saxlanılması və möhkəmlənməsi işində imkanı daxilində hər cür səy göstərir. Biz hesab edirik ki, xalqlarımız arasında mehriban qonşuluq münasibətləri bütün regionun çiçəklənməsinə, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir. Əlbəttə, bütün bu işlərdə Rusiya və Azərbaycan diplomatlarının böyük xidmətləri var”.

Azərbaycanın aparıcı KİV-lərinin rəhbərlərinin müraciətində vurğulanır: “Aşkar həqiqəti inkar etmək, jurnalisti saxtalaşdırma alətinə çevirmək, baş verən bütün hadisələrə görə günahı onun üzərinə qoymaq cəhdləri ən azı səriştəsizlikdir və diplomatiya ilə bir araya sığmır. Diplomatiya praktikasında belə addım yolverilməzdir”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here