Muzeydə yeni klub fəaliyyətə başlayır

AMEA Milli Azərbaycan Tarixi Muzeyində bir sıra klublar fəaliyyət göstərir və gənc nəslin tarixi baxımdan maariflənməsində, Muzeyin təbliğində fəal xidmət göstərirlər. Bu günlərdə Muzeydə növbəti klub yaradılmışdır. Muzeyin Arxeologiya elmi fond şöbəsinin nəzdində “Arxeo” adlı yeni klub fəaliyyətə başlamışdır. Klubun adı nəzdində fəaliyyət göstərdiyi şöbənin adından, yəni “Arxeologiya”dan götürülüb. Klubun yaradılmasında əsas məqsəd orta məktəb şagirdlərinə və gənc nəslin digər nümayəndələrinə milli-mənəvi dəyərlərimizi daha da sevdirməkdir. Həmçinin xalqımızın qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı biliklərini dərinləşdirmək, arxeoloji irsin qorunması və öyrənilməsi kimi mütərəqqi bacarıqları aşılamaqdır. Eləcə də onların arxeoloji abidələrimiz və maddi mədəniyyət nümunələrimizlə bağlı mövcud təsəvvürlərini genişləndirməkdir. Klubun vəzifələri isə elmi seminarların və sərgilərin keçirilməsi, arxeoloji abidələrə və digər tarix-mədəniyyət obyektlərinə ekskursiyaların aparılmasıdır. Eyni zamanda bilik yarışmalarının və müsabiqələrin, tanınmış tarixçi, arxeoloq və digər elm xadimləri ilə görüşlərin təşkili, eləcə də əlamətdar tarixi hadisələrin qeyd olunmasıdır. Klubun yaradılmasının təşəbbüskarı və rəhbəri Arxeologiya elmi fond şöbəsinin əməkdaşı Esmira Rəhimovadır. Muzey kollektivi adından kluba öz fəaliyyətində uğurlar arzulayırıq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here