“Komsomolskaya Pravda” Xocalı faciəsindən yazır

“Komsomolskaya pravda” qəzetində “İddia müddəti yoxdur: Xocalı faciəsinin 25 illiyi” sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir: Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Tarixdə hər xalqın elə faciəsi var ki, onu unutmaq olmaz. Qətiyyən. Sadəcə ona görə ki, başqa cür ola bilməz. Gernika, Xatın, Liditse, Babiy Yar…

Azərbaycanın Xocalı şəhəri də onlarla bir sırada dayanır. Orada baş verən dramatik hadisələr Cənubi Qafqazın ən böyük dövlətinin tarixinə qanlı hərflərlə yazılıb.

Dağlıq Qarabağda münaqişə həllini tapmamış problemdir. Bu fəlakətdir ki, münaqişə uzanıb və bu gün də Qafqaz regionunun sağalmamış yarasıdır. Bu, bir vaxtlar SSRİ-nin iki qardaş respublikasını qan düşməninə çevirən fəlakətdir. Dağlıq Qarabağ münaqişəsi əsrin artıq dörddəbiri qədər uzanan danışıqlar mərhələsindədir. O, postsovet məkanında “dondurulmuş” münaqişələrdən biri kimi nəzərdən keçirilir. Lakin indiyədək iki ölkənin cəbhə xəttindəki vəziyyət qəfil püskürməyə hazır olan vulkan kraterini xatırladır.

İyirmi beş il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qonşu Ermənistan dövlətinin silahlı birləşmələri Azərbaycanın qədim Xocalı şəhərinə hücum ediblər.

Qiymət verməyəcəyik, lakin fakt faktlığında qalır: millətçilərin əlində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb. Habelə 487 nəfər şikəst edilib, 1275 dinc sakin əsir götürülüb, 155 adamın taleyi hələ də məlum deyil. Hücum nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib…

Hər il dünyada yaşayan bütün azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Onların fikrincə, beynəlxalq birlik bu faciəvi hadisəyə hüquqi qiymət verməlidir.

Məqalədə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun sözləri sitat gətirilib: “Dövlətimiz millətçilər tərəfindən xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib”.

Baş konsul qeyd edib ki, 1992-ci ildə Azərbaycan rəhbərliyi hadisəyə obyektiv qiymət verilməsi, onun maksimum açıqlanması üçün heç nə etməyib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciəyə siyasi-hüquqi qiymət verilib. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.

“Hər il respublikamızda və dünyanın müxtəlif ölkələrində dəhşətli faciənin ildönümü ürək ağrısı ilə qeyd edilir. Faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirilir”, – deyə S.Qasımov bildirib.

Məqalədə daha sonra vurğulanır ki, İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisində Holokost (yəhudilərin soyqırımı) qurbanlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Xocalı faciəsini dünyada soyqırımlar və kütləvi qırğınlarla bir sırada qeyd edib: “Biz özümüzdən soruşmalıyıq: soyqırımlarına qarşı mübarizə üçün bugünkü assambleya kifayətdirmi? Bu mübarizə Bosniyada soyqırımının qarşısını almaq üçün kifayət qədər effektiv oldumu? Bu mübarizə Xocalıda insanların həlak olmasının qarşısını almaq üçün effektiv oldumu?.. Biz həddən artıq çox göz yaşı axıdır, lakin az işləyirik”.

Məqalədə deyilir ki, Xocalı faciəsinin soyqırımı faktı olması bir çox ölkələrin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələr, habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıblar.

Azərtac