Lerikdə ekoloji yay düşərgəsi: “Bəbirləri mühafizə edək!”

Lerik rayonunun Qosmalian kəndində “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bəbirləri mühafizə edək!” adlı növbəti ekoloji yay düşərgəsi təşkil edilib

Üç gün davam edəcək düşərgədə Lerik rayonunun Hamarmeşə, Günəşli, Qosmalian, Çayrud, Vistən, Nuravud və digər kəndlərindən 60-a yaxın məktəbli iştirak edir. Yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır. Düşərgənin ilk günü məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumat əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, biomüxtəlifliklə əlaqədar bilik yarışmalarında iştirak ediblər.

Qeyd edək ki, “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihə Qafqaz bəbirlərinin populyasiyasının bərpası və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl və Lerik rayonlarından, ümumilikdə, 400-ə yaxın məktəbli iştirak edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here