Leyla Əliyeva balaca Zəhraya şeir həsr edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevaya şeir həsr edib.

Leyla Əliyeva balaca Zəhraya həsr etdiyi şeiri rəsmi “İnstaqram” səhifəsində paylaşıb.

Zəhranın xatirəsinə…

Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda…
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here