Məğlubiyyət psixologiyasından qurtulmağın yolu

Məğlubiyyət psixologiyasından qurtulmağın yolu

Mübariz Göyüşlü

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri,
BDU-nun Jurnalistika fakültəsinin əməkdaşı

Son bir neçə yüz ildə qarşılaşdığımız məğlubiyyətlər seriyası, Rusiyanın amansız müstəmləkə siyasəti psixoloji olaraq bizə ciddi təsir edib. Bu məqam özümüzə, tariximizə və tarixi şəxsiyyətlərimizə münasibətdə özünü qabarıq şəkildə büruzə verir. Əlbəttə ki, düşdüyümüz durumdan çıxmaq üçün tənqidi yanaşma lazımdır, lakin baxır bu tənqidin hədəfi kimdir, nədir, onun nəticəsi problemin həllinə nə dərəcədə dəstək ola bilir? Hələ onu demirəm ki, bir çox hallarda tənqid təhqirə çevrilir. İsti otaqlarda oturub, kompüter və internetin imkanlarından istifadə edib hər kəsi günahlandırmaq, tarixi geninə-boluna tənqid atəşinə tutmaqdan asan nə var? Çətin olan özümüzə, öz gördüyümüz (ya da görmədiyimiz) işlərə tənqidi yanaşa bilməkdir. Son illərdə sosial şəbəkələrin, internetin, televiziyaların, qəzetlərin yaratdığı imkanlardan hər kəs öz qabiliyyətinə və bacarığına görə istifadə edir. Bəziləri bundan hər kəsə ağıl vermək, hər kəsdən ağıllı olduğunu sübut etmək üçün yararlanır. Bəziləri isə lap dərinə gedir, tarixi şəxsiyyətləri eninə-uzununa təhqir edir, onları “haqsız” çıxarır, o zaman atılmış addımları və qərarları bu günlə “təhlil” edir, “araşdırır”. Tarixi şəxsiyyətlərlə bağlı nəticəni özü istədiyi kimi çıxarır və özünün subyektiv fikrini hər kəsə qəbul etdirməyə çalışır.

Qarşılaşdığımız və həllində acizlik göstədiyimiz problemlərdə tarixi şəxsiyyətlərimizi günahlandırmaq yolverilməzdir. Onları nə qədər çox günahlandırsaq da, nə qədər “dərin” və “möhtəşəm” faktlar açıqlasaq da Qarabağ problemimiz həll olunmayacaq. Nə Şah İsmayıl gəlib erməniləri qovmayacaq, nə də Rəsulzadə gəlib onlara qarşı döyüşmək üçün bizləri səfərbər etməyəcək. Məğlubiyyətlərimizin də, acizliklərimizin də, cəmiyyətmizidəki çatışmazlıqların da günahkarı və səbəbkarı özümüzük. Nəfsimizlə mübarizə aparmaqda acizlik göstərib Şah İsmayılın Sultan Səlimlə döyüşünü təhlil edirik, gan birini, gah da digərini haqlı çıxardırıq. Rəsulzadənin etdiklərinin mində birini həyata keçirə bilməyib onu daha nələrdə ittiham etmirik? Onun yazdıqlarını və gördüyü işləri heç yarıya qədər öyrənməyib ona qarşı hansı fikirlərdən çıxış etmirik?

Fikrimizcə tarixi şəxsiyyətlərimizi yanlışları ilə, doğruları ilə birgə qəbul etməyimiz lazımdır. Əksəriyyətimizə məlumdur ki, görkəmli ziyalımız Əhməd bəy Ağaoğlu uzun müddət Türkiyədə yaşayıb fəaliyyət göstərmiş, Atatürkün yaxın silahdaşı olmuşdur. Ömrünün son illərində onu sevməyənlərin fəaliyyəti nəticəsində Əhməd bəylə Atatürkün arasında inciklik yaranmışdır. Lakin buna baxmayaraq Atatürk vəfat edərkən onun əleyhinə yazıların yazılması və çıxışların edilməsi Ağaoğlunu üzmüşdür. O, bu cür addımların əleyhinə çıxaraq Nopoleon öldükdən sonra fransızların ona ehtiramla yanaşmasını nümunə göstərmişdir.

Gəlin tariximizi və tarixi şəxsiyyətlərimizi rahat buraxaq. Onları bir tarix olaraq öyrənək və öyrədək. Müsbət işlərini qabardaq, mənfi məqamlardan nəticə çıxardaq. Amma tarixin arxivlərində ilişib qalmayaq, tarixlə deyil bu günlə yaşayaq. Bu günümüzü inşa etmək üçün də tarix bilgisinə sahib olan, tarixiylə və tarixi şəxsiyyətlərilə qürur duyan, millətiylə fəxr edən, milli şüura sahib olan savadlı insanlardan ibarət cəmiyyət yaradaq. Bunun üçün yeganə yol təhsildir. Bunun üçün yeganə yol heç bir çətinliyə baxmadan millətin övladlarına düzgün təhsil və tərbiyə verməkdir. Problemlərimizin həlli ancaq və ancaq təhsildə, elmdədir. Yalnız düzgün təhsil milli düşüncəli və savadlı kadrların yetişməsinə vəsilə ola bilər.

Əlbəttə bunları həyata keçirmək, xüsusən də təhsilimizin inkişafına nail olmaq, onu arzu olunan səviyyəyə çatdırmaq asan deyil. Buradakı mövcud çətinliklər hər birimizə məlumdur. Ancaq tarixin yaddaşında iz buraxacaq işlər görmək heç zaman asan olmayıb. Heç 100 il, 300 il bundan əvvəl də asan olmayıb, indi də asan deyil. Hər dövrün öz çətinlikləri olub. Amma indi adını hörmətlə xatırladığımız millət fədailəri o çətinliklərə baxmayaraq bu işləri görüblər. Onları suçlamaqla öz işimizi bitmiş saymaqdansa qolumuzu çirmələyib üzərimizə düşən işləri gündə bir mənzil yerinə yetirsək bir müddət sonra cəmiyyətimizdə nümunə sayılan işlərin sayının artmasını şahidi olacağıq. Bu nümunələr bizlərə kiçik qələbələr bəxş edə bilər ki, bu da öz növbəsində cəmiyyətimizi düşdüyü məğlubiyyət və kölə psixologiyasından, hər addımda özünü, tarixini, tarixi şəxsiyyətlərini aşağılamaq davranışından qrutara bilər.