Məhərrəm Əliyev ədliyyə sistemindəki durumdan və fəaliyyətdən danışıb

Keşməkeşli tarixi inkişaf yolu keçən Ədliyyə Nazirliyi özünün yeni, müasir tərəqqi dövrünü yaşayır. Artıq 18 ildir ki, ədliyyə işçiləri peşə bayramlarını geniş qeyd edirlər. Bu münasibətlə respublikamızın ədliyyə nazirinin müavini Məhərrəm Əliyev müxbirimizin suallarını cavablandırıb.

– Hörmətli Məhərrəm müəllim, əvvəla, sizi peşə bayramınız münasibətilə təbrik edirik. Uzun müddət mühüm məsul vəzifələrdə çalışmaqla siz hər zaman dövlətçiliyə sədaqətlə xidmət edərək, qanunun aliliyinin, insan hüquqlarının qorunması naminə səmərəli fəaliyyət göstərmisiniz. Ədliyyə nazirinin müavini kimi, hazırkı fəaliyyətiniz barədə fikirlərinizi öyrənmək istərdik.

– Çox sağ olun. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs, yaxud işləmək istəyən hər bir vətəndaş bilməlidir ki, ondan birinci növbədə müstəqil Azərbaycan dövlətinə sədaqət tələb olunur.” Bu prinsiplər fəaliyyət göstərdiyim bütün dövrlərdə əsas meyar olmuş, qanunun aliliyinin, əmin-amanlığın qorunması, insan hüquqlarının etibarlı təmin olunması ümdə vəzifə kimi qarşımızda durmuşdur. Ulu öndərimizin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək etimadı sayəsində istər daxili işlər orqanlarında çalışdığım mühüm məsul vəzifələrdə, istərsə də ölkəmizin Tacikistanda səfiri olduğum müddətdə müstəqilliyimizin möhkəmləndirilməsi, hər cür təhdidlərin qarşısının alınması, milli maraqlarımızın qorunması naminə davamlı və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bilirsiniz ki, sonrakı dövrlərdə Prezident Administrasiyasında müdafiə məsələləri ilə bağlı fəaliyyətimi davam etdirmişəm. Artıq cari ilin iyunundan ölkə Prezidentinin sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunmaqla bu mühüm vəzifədə fəaliyyət göstərirəm.

Qeyd etməliyəm ki, dövlətin hüquq siyasətinin həyata keçirilməsində Ədliyyə Nazirliyi mühüm rol oynayır və bu gün geniş səlahiyyətlərə malik olan nazirlik çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq, ölkəmizdə qanunyaradıcı fəaliyyətdə fəal iştirak edir, vətəndaş cəmiyyətinin inkişafına töhfələr verir, əhalinin mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllinə kömək edir, müxtəlif reyestrləri aparır. Ədliyyə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən insan haqlarının etibarlı qorunması, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilir.

Sözsüz ki, Ədliyyə Nazirliyinin təkmil bir struktur kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ədliyyə sisteminin inkişafına qayğı ilə yanaşmış, bu sahədə mütərəqqi islahatlar aparılmışdır. 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Günü də məhz ümummilli liderin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilmişdir. Bu da təsadüfi deyil. Çünki bir əsrə bərabər zəngin və keşməkeşli tarixi olan Azərbaycan ədliyyəsi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni gündə təsis olunmuş və həmin il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan ədliyyəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə daha da müasirləşir və inkişaf edir, cəmiyyətdə nüfuzu günbəgün yüksəlir.

Son illər ölkə başçısının rəhbərliyi ilə ədliyyə sistemində uğurlu islahatlar aparılaraq mühüm nailiyyətlər əldə olunur və bu da bizi səfərbər edir ki, ədliyyə fəaliyyətinə layiqli töhfələr verək.

– Qeyd etdiyiniz kimi, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri çoxşaxəlidir. Sizin məsul olduğunuz sahələr barədə nə deyə bilərsiniz?

– Ədliyyə nazirinin əmri ilə mənə nazirlik üzrə bir sıra mühüm sahələr həvalə olunmuşdur. Onlardan biri insan hüquqları, ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətlə bağlıdır.

Qeyd etməliyəm ki, insan hüquqlarının təminatı məsələsi hər bir dövlətin ən ümdə vəzifəsi olmaqla, onun fəaliyyətinin əsas prioritetini təşkil edir. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit olunmuş, Konstitusiyanın maddələrinin üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmişdir.

İnsan hüquq və azadlıqlarına verilən böyük əhəmiyyətin təzahürü olaraq ulu öndər tərəfindən 1998-ci ildə xüsusi fərman və onun əsasında insan hüquqlarının müdafiəsi sahəsində fundamental sənəd olan Dövlət Proqramı, daha sonra bu mühüm sənədin fəlsəfəsi inkişaf etdirilərək möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2006-cı və 2011-ci illərdə insan hüquqlarının müdafiəsinə dair milli fəaliyyət proqramları qəbul olunmuşdur.

İnsan hüquq və azadlıqlarının etibarlı təmin olunmasında respublikamızda bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyi şəraitdə Ədliyyə Nazirliyinin də qarşısında bu sahədə mühüm vəzifələr dayandığından 2000-ci ildə nazirliyin tərkibində İnsan hüquqları üzrə şöbə, daha sonra nazirliyin yeni Əsasnaməsi ilə strukturu təkmilləşdirilərək, insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır.

Bildirməliyəm ki, nazirlik tərəfindən bu sahədə mühüm fəaliyyət göstərilərək ölkəmizin insan hüquqlarına dair beynəlxalq konvension öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hesabatların hazırlanmasında fəal iştirak edilir, şəffaflığa, ictimai iştirakçılığa xüsusi önəm verilərək, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət hüquq-müdafiə təşkilatları ilə səmərəli əməkdaşlıq edilir. Artıq 11 ildir ki, ədliyyə naziri yanında ictimai komitə uğurla fəaliyyət göstərir. Yeri gəlmişkən, ədliyyə fəaliyyətinə geniş cəlb olunan ictimai komitənin bu günlərdə yeni tərkibdə ilk iclası keçirilmişdir.

Eyni zamanda, açıq hökumət prinsiplərinin geniş tətbiqinə xüsusi önəm verilərək, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə nazirliyin interaktiv rejimdə internet saytlarının fəaliyyəti təmin olunur, mətbu nəşrlər, illik toplular dərc olunur, əhaliyə müxtəlif elektron xidmətlər göstərilir. Bütün bunlar onu göstərir ki, insan hüquq və azadlıqlarının təminatı məsələsi Azərbaycan dövlətinin siyasi iradəsinin, bu sahəyə həssas münasibətinin təzahürüdür.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mühüm sahələrdən biri də məhkəmə ekspertizalarının aparılmasıdır. Ölkədə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını aparan və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə töhfələr verən Məhkəmə Ekspertizası Mərkəzində elmi nailiyyətlər, müasir texnologiyalar tətbiq olunur. Bu da ekspertiza tədqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfələr verilir.

Ekspertiza tədqiqatının çoxfunksionallığı və onların qısa müddətdə hərtərəfli aparılması xarici ölkələrin də diqqətini cəlb edir və onlar ölkəmizin bu sahədə nailiyyətindən bəhrələnmək üçün müraciətlər edirlər. Xüsusi qeyd olunmalıdır ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqat metodikalarının standartlaşdırılması, həmçinin ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədi ilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin (ENFSI) üzvlüyünə qəbul edilmiş, bir sıra ekspertiza növləri beynəlxalq standartlara cavab verərək müvafiq sertifikata layiq görülmüşdür.

Eyni zamanda, ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədi ilə Ekspertiza Mərkəzinin Naxçıvan, Gəncə, Şirvan və Şəkidə filialları yaradılmışdır.

Nazirlik həmçinin, müxtəlif reyestrləri, o cümlədən əhalinin dövlət reyestrini aparır. Bu, olduqca mühüm bir fəaliyyət sahəsidir. Burada ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatı yaradılmışdır. Təsadüfi deyil ki, bu işin arxasında gərgin zəhmət durur. Ötən dövrdə bu reyestrin formalaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin dövlət reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində elektron formata keçirilmişdir.

Bu sahədə fəaliyyətin daha səmərəli həyata keçirilməsi və müasir iş şəraitinin yaradılması məqsədilə infrastruktur yaxşılaşdırılmış, 2009-cu ildə dövlət başçısının iştirakı ilə Əhalinin Dövlət Reyestri Xidməti üçün müasir bina inşa olunaraq istifadəyə verilmişdir.

Ötən ilin noyabrında ölkə Prezidenti tərəfindən ədliyyə fəaliyyəti ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilərək informasiya texnologiyalarının tətbiqinin mərkəzləşdirilmiş və mütəşəkkil qaydada aparılması məqsədilə nazirlik aparatında ayrıca İKT idarəsinin yaradılmasını xüsusi qeyd etmək istərdim.

Bu gün dövlət strukturları və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə, insanların həyat tərzini informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil.

Sözsüz ki, ölkəmizdə İKT sahəsində həyata keçirilən kompleks tədbirlər ədliyyə orqanlarını və məhkəmələri də əhatə etmişdir. Bu sahədə müasir informasiya texnologiyalarının tətbiqinin və elektron xidmətlərin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Nazirlik tərəfindən 10 reyestr və məlumat sistemlərinin aparılması təmin edilir, əhalinin daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin elektron məlumat bazaları www.e-qanun.az və www.huquqiaktlar.gov.az interaktiv rejimdə fəaliyyət göstərir və sistematik yeniləşdirilir.

Eyni zamanda, “Qeyri-kommersiya hüquqi şəxsləri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və qeydiyyata alınmış bütün qeyri-kommersiya hüquqi şəxsləri və onların fəaliyyəti barədə məlumatlar informasiya resursuna daxil edilmişdir.

Dövlət başçısının “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 noyabr 2013-cü il tarixli fərmanına uyğun olaraq, nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış təşkilatlar üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemli şəkildə yaradılmışdır.

Həmçinin, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının asanlaşdırılması məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurulmuş, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir.

Bununla yanaşı, məhkəmə islahatlarında mühüm mərhələ olan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə önəmli işlər görülür. Artıq yeni inşa olunmuş müasir məhkəmə binalarında bəzi komponentləri tətbiq olunan bu sistem ilin sonunadək bütün məhkəmələrin 60 faizini əhatə edəcəkdir ki, bu da ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərməklə insanlara daha əlverişli və rahat şərait yaradacaqdır.

Təbiidir ki, bu gün ədliyyə və məhkəmə fəaliyyətində müasir texnoloji yeniliklərin geniş tətbiqi üzrə həyata keçirilən tədbirlər son illər aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının tərkib hissəsini təşkil edir.

– Bu islahatlarda yeni mərhələ olan dövlət başçısının cari ilin fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının icrası üzrə görülən işlər barədə də məlumat verməyinizi istərdik.

– İlk növbədə qeyd etməliyəm ki, mühüm və proqram xarakterli bu sərəncam dövlət başçısının humanist siyasətinin növbəti təzahürü olmaqla, insan haqlarının, o cümlədən azadlıq hüququnun qorunmasına, ölkədə cəza siyasətinin humanistləşdirilməsinə, cinayət qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edir.

Sərəncamın icrası ilə bağlı nazirlik tərəfindən ötən dövrdə bir sıra mühüm tədbirlər görülmüş, aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılaraq cinayət və digər qanunvericiliyə mühüm dəyişikliklərlə bağlı yeni qanun layihələri hazırlanmış və Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilmişdir.

Hələ vaxtilə – 2000-ci ildə əvvəlki hüquq sistemindən fərqli olaraq, ölkəmizin müasir hüquq sisteminin fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbul edilməsi o dövrdə mütərəqqi addım idi, hazırda isə bu sərəncam hüquqi sahədə islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsini şərtləndirmişdir.

Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının hədlərinin azaldılması, azadlığın məhdudlaşdırılması yeni alternativ cəza növünün daxil edilməsi, zərərçəkmiş şəxslə barışma institutunun təkmilləşdirilməsi, həmçinin həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı 300-ə yaxın mühüm dəyişiklik edilmişdir.

Eyni zamanda, sərəncamla ölkəmiz üçün yeni olan Probasiya xidməti təsbit edilmiş, bununla bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, fəaliyyətin təmin olunması üzrə mühüm işlər görülmüşdür.

Möhtərəm Prezidentimizin 2017-ci il 7 noyabr tarixli fərmanı ilə nazirliyin aparatında ayrıca baş idarə səlahiyyətli Probasiya xidmətinin yaradılması bu sahədə işin səmərəli və mütəşəkkil qaydada təşkilinə xidmət etmişdir.

Bununla yanaşı, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilmiş, “elektron qolbağ”ın nümunələri pilot qaydada sınaqdan keçirilmişdir.

– Məhərrən müəllim, ədliyyə işçilərinin builki peşə bayramını ilk dəfə olaraq qeyd edirsiniz. Son olaraq nələri əlavə etmək istərdiniz?

– Sözsüz ki, belə bir xoş gündə Azərbaycan ədliyyəsinin inkişafı, həyata keçirilən islahatlar və yeniliklər barədə çox danışmaq olar. Ədliyyə sistemində qazanılan nailiyyətlər möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə aparılan çoxşaxəli islahatların real təzahürüdür.

Danılmaz faktdır ki, bu gün dövlətimizin başçısının siyasi iradəsi ilə Azərbaycan sürətlə inkişaf edir və möhkəmlənir, dünyada mühüm və etibarlı tərəfdaş, müstəqil dövlət kimi tanınır və qəbul edilir. Qlobal enerji layihələrinin təşəbbüskarı olaraq regionda əvəzsiz rola malikdir. Cari ildə “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı yeni sazişin imzalanması, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi respublikamızın gələcək inkişafını təmin etməklə regionda sülhə və sabitliyə töhfə olmuşdur.

Dövlət başçısının rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqiyə dəstək verən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə vətəndaşların mənafelərinə hesablanmış bir çox mühüm layihələr müvəffəqiyyətlə həyata keçirilir, humanizm, multikulturalizm və tolerantlıq ideyaları inkişaf etdirilir, ölkəmiz ideal məkan kimi qəbul olunaraq mötəbər beynəlxalq forumlara, idman yarışlarına uğurla ev sahibliyi edir.

Bütün bunlar xalqımızda yüksək iftixar hissi yaşadır və dövlət başçısının ətrafında sıx birləşən ədliyyə işçilərini Azərbaycan ədliyyəsinin inkişafı naminə daha əzmkarlıqla və məsuliyyətlə çalışmağa sövq edir.

Fürsətdən istifadə edərək, bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, gərəkli fəaliyyətlərində hər birinə yeni-yeni nailiyyətlər arzulayıram.

“Xalq qəzeti”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here