Məhdud fiziki imkanlı insanlar üçün “Qiraət saatı”

Məhdud fiziki imkanlı insanlar üçün Gəncə Regional İnformasiya Mərkəzində “Qiraət saatı” adlı tədbir keçirilib.
Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının da qatıldığı tədbiri Mərkəzin direktoru Sevinc Abbasova açıb, tədbirin mahiyyətini diqqətə çatdırıb: “Dövlətimiz sağlamlıq imkanları məhdud insanların normal yaşayışı, onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılmasını daim diqqətdə saxlayır”. S.Abbasova Mərkəzin üzvlərinin bir sıra peşələrdə uğurlar qazandıqlarını dilə gətirib, belə görüşlərin, tədbirlərin onların dünyagörüşlərinin inkişafında böyük rol oynadığını xüsusi ilə vurğulayıb.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, 11 saylı kitabxana filialının müdiri Esmira Həsənova çıxışlarında bildiriblər ki, ölkəmizdə əlillərə göstərilən diqqət və hörmət Ümumilli lider Heydər Əliyevin və onuniqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva, Mərkəzi Kitabxananın kompleksləşdirmə və kitabişləmə şöbəsinin müdiri Gülnaz İsgəndərova və gözdən fiziki qüsurlu insanlarla iş üzrə mütəxəssis Məhərrəm Hüseynov da keçirilən tədbirlə bağlı fikirlərini söyləyiblər. Əlillərdən Şahin Məmmədov, Sənan Əliyev kitabxana işçilərinə öz təşəkkürlərini bildirib, belə görüşlərin mütəmadi olaraq keçirilməsini arzuladıqlarını dilə gətiriblər. “Qiraət saatı”nda Nüsrət Kəsəmənlinin, Zəlimxan Yaqubun və Bəxtiyar Vahabzadənin şeirlərindən parçalar səsləndirilib.
qhtxeber.az