Məişət zorakılığı yoxsa adiləşmiş həyat tərzi?

Son dövrlər istər media, istərsə də KİV-lərinin mütəmadi işıqlandırdıqları mövzulardan biri də təəssüf ki, məişət zorakılığıdır. Məişət zorakılığı nədir? Hansı səbəblərdən insanlar məişət zorakılığının qurbanına çevrilirlər? Kimlər bu hala daha çox məruz qalır?  Bunun qarşısını necə almaq olar?… Sadaladığım suallar bu gün  hər birimizi üzərində düşüdürməyə vadar edir.

Yaxın qohumluq münasibətlərindən, hazırda yaxud keçmişdə  birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması MƏİŞƏT ZORAKILIĞI  hesab edilir. Məişət zorakılığının psixoloji, fiziki, cinsi və iqtisadi olmaqla 4 növü var.

Psixi zorakılıq (bəzən buna şiddət də deyilir ) bir davranış pozuntusu olub, xüsusilə alışılmış və güc tarazlığı olduqda başqalarına təsir etmək üçün onları məcbur etmə və ya onlar üstündə təzyiq qurmaqdır. Bu zorakılıq növü özünü aşağıdakı hallarda göstərir:

  • Alçaltma, təhqir etmə;
  • Itələmə, yumruq atma;
  • Uydurma xəbər yaymaq;
  • Ləqəb qoyma, lağ etmə və s.

Fiziki zorakılığa döymə, fiziki yolla zərər vurmalar aid edilir. Cinsi zorakılıq dedikdə isə, yaşlı adamın seksual həzz almaq məqsədilə müxtəlif formalarda (cinsi əlaqəyə məcburetmə, seksual şirnikləndirmə) daha çox  uşaqlardan istifadə edilməsi başa düşülür.  İqtisadi zorakılıq isə əsasən maliyyə cəhətdən asılılıq kimi özünü göstərir. Belə  halla daha çox avtoritar ailə üslubunda yaşayan evdar qadının həyat tərzində rastlaşmaq olar.

Məişət zorakılığnın əsas səbəbləri isə bunlardır:

  • Savadsızlıq;
  • Stereotiplər;
  • Qadınların imkan və gəlirlərinin məhdud olması;
  • İqtisadi asılılıq;
  • Psixoloji travmalar;
  • Dəstək xidmətlərinin məhdud olması;

Bəs kimlər daha çox bu kimi hadisələrin qurbanına çevrilir? Bəlkədə oxuduqda bu cümlə gündəlik eşitdiklərimiz sırasında görünsə də, məsələlərin həlli yolu düzgün tərbiyə üsulundan, mühit təsirlərindən gedir. Statistika da göstərir ki, ailədə daha çox qadınlar və uşaqlar  zorakılığın qurbanına çevrilirlər.

Təəssüflə qeyd olunmalıdır ki, zorakılığa gətirib çıxaran amillərdən biri də erkən nikahdır. İlk öncə hər bir insanı şiddətdən kənar, zorakılıqdan uzaq tutmağa çalışmalıyıq. Tədqiqatlar bunu da sübut edir ki, zorakılığa məruz qalmış şəxsin özünün də zorakılıq etmə ehtimalı  50%-dir. Evdə belə halların mövcudluğu xüsusilə uşaqların psixi inkişafında çox dərin izlər qoyaraq travma yaradır. Bu baxımdan aşağıdakı ailə tiplərində zorakılığa meylli uşaqların yetişməsi daha yüksəkdir:

  • Natamam ailələr;
  • Avtoritar ailələr;
  • Konfliktli ailələr;
  • Genetik cəhətdən zorakılığa meylli olan ailələr;
  • Ananın həyata neqativ münasibət bəslədiyi ailələr.

Burdan belə bir nəticəyə gəlmək olar ki, ailəsindən şiddət görmüş, daim təzyiqlər altında döyülərək böyüyənlərdə fizioloji  əlamətlərlə yanaşı, psixoloji stress keçirmə, kin, nifrət, qisas alma kimi hisslər, eyni zamanda mazoxist şəxsiyyət tipi formalaşır. Ailə bağlarının düzgün qurulmaması, düzgün tərbiyəvi mühitin yaradılmaması gələcəkdə istər cəmiyyət, istərsə də hər bir şəxsin özü üçün hansı fəsadlar yaradacağını açıq-aydın ortalığa qoyur. Əgər çıxış yolu bizdən asılıdırsa, niyə görə cəmiyyətin uçuruma yuvarlanmasını kənardan müşahidə etməliyik? Belə ediriksə, cəmiyyətin dağılması üçün bir daş da biz oğurlamış  oluruq bünövrədən…

Zorakılığa məruz qalmış insanlara cəmiyyət tərəfindən münasibətin birmənalı qarşılanmaması  təbbidir.. 20-35 yaşlı insanlarla apardığım sorğunun nəticəsi olaraq onu qeyd edə bilərəm ki, bu yaş qrupuna aid olan insanlar da  psixoloji dəstəkdən əlavə, hüquqi yardım olunmasının zəruriliyini vurğulayır. Belə olduqda zərərçəkən şəxslər öz hüquqlarını bilməklə yanaşı, müxtəlif situsiyalı məqamlarda hüquq-vəzifələrini tətbiq etməklə özlərini müdafiə etməyi bacaracaqlar.

İlkin  və əsas köməklik mütəxəssis-psixoloqa yönləndirilməklə başlayır. Psixoloq zərərçəkmiş şəxsə inam, etibar hisslərini aşılamaqla  yaranan problemlə daha da yaxından tanış olaraq öz qeydlərini edir və həlli yolunda əsas istifadə edəcəyi metodu müəyyənləşdirir. Düşünürəm ki, əsas xilas yolu ailələrimizdə uşaqlara, xüsusilə qızlara təhsil verməklə başlayır. Yazımı belə bir  aforizm yekunlaşdırmaq istərdim: Xanımların  nə öyrəndiklərinə diqqət edin, çünki onlar  öyrənərsə övladlarına da öyrədərlər…

Fatiməxanım Qasımova

Quba şəhər Texniki Təmayüllü Liseyin psixoloqu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here