Mənəvi Dəyərlərin Təbliği Fondunun sədri danışdı

Ötən həftə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının bir ili tamam oldu. Eyni zamanda fond bir yaşının tamam olduğu günlərdə dini icmalara avtomobil bağışlaması ilə gündəmə gəldi. Bu hadisə hələ də sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunur. Məsələnin aktuallığını, eləcə də fondun yaranmasının bir ili ilə əlaqədar olaraq qurumun rəhbəri Mehman İsmayılovla söhbətləşdik.

– Mehman müəllim, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının bir ili tamam oldu.

Bir ildə hansı işlərə imza atmısınız?

– Mənəvi Dəyərlərin Təbliği Fondunun bir il ərzində gördüyü işlər barədə danışmadan əvvəl istərdim ki, fond barədə qısa məlumat verim. Mənəvi Dəyərlərin Təbliği Fondu 10 oktyabr 2017-ci il tarixdə cənab prezident İlham Əliyevin 1624 nömrəli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Fondun fəaliyyətinin məqsədi Azərbaycanda dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanması və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığı sahəsində fəaliyyətinə dövlət dəstəyini təmin etməkdir.

Fond yaradıldıqdan sonra onun strukturunun tam formalaşması bir neçə ay davam etdi və 2018-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməyə başladı. Fondun bu günədək öz nizamnaməsinə uyğun olaraq gördüyü işlər əsasən üç istiqamət üzrə olmuşdur. Birinci istiqamət Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi təyin olunan bütün imam, imam müavini və mütəvəllilərə aylıq maddi dəstək göstərməkdir. Belə ki, artıq Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və QMİ tərəfindən rəsmi təyin olunan 1060-dan yuxarı din xadiminə fond tərəfindən hər ay maddi dəstək göstərilir.

İkinci istiqamətimiz mənəvi dəyərlərimiz, eyni zamanda onun tərkib hissəsi olan dini dəyərlərimiz sahəsində geniş  maarifləndirmə işinin aparılmasıdır. Maarifləndirmə işi müxtəlif formalarda təşkil olunub. Bakıda, ölkəmizin digər bir çox şəhər və rayonlarında ictimaiyyətin, xüsusilə gənclərin iştirakı ilə müxtəlif səpkili konfranslar, seminar müşavirə və seminar treninqlər keçirilib, yay məktəbi təşkil olunub, bu tədbirlərə xüsusi ekspertlər cəlb olunaraq mənəvi dəyərlərimiz, azərbaycançılıq ideologiyası, tariximiz, müasir dünyada ənənəvi dəyərlərimiz və s. kimi aktual mövzular ətrafında diskussiyalar aparılıb. Hazırda fondumuz Təhsil Nazirliyi ilə birgə Bakı məktəblərində yuxarı sinif şagirdləri arasında mənəvi dəyərlərimizlə bağlı inşa müsabiqəsi keçirir və bu müsabiqə oktyabr ayının sonunda başa çatacaqdır. Məhərrəm ayında müxtəlif rayonlarda maarifləndirici tədbirlər keçirilib və həmin tədbirlərin hər birində ilahiyyatçılar tərəfindən məruzələr oxunub. Maarifləndirmə işimiz, sadəcə, bunlarla bitmir. Fondun sifarişi ilə mənəvi dəyərlərimizi təbliğ edən sənədli filmlər  və videoçarxlar hazırlanır, ilin sonunadək mənəvi və dini dəyərlərimizlə bağlı mütəxəssislər tərəfindən yazılan müxtəlif kitab və kitabçalarımız nəşr olunacaq. Tezliklə Asan Radioda hər həftə fondun maliyyələşdirdiyi “Mənəvi dəyərlərimiz” adlı veriliş efirə gedəcəkdir və bu verilişə bu sahədə fəaliyyət göstərən tanınmış və yaradıcı alimlərimiz, ziyalılar dəvət olunacaq. Yaxın gələcəkdə televiziyada da belə bir verilişi yaratmağa çalışacağıq.

Üçüncü istiqamətimiz şəhid və əlil ailələrinə yardımlar göstərmək, ümumiyyətlə, xeyriyyəçilikdir. Bu il Ramazan ayında respublikamızın müxtəlif bölgələrində şəhid ailələri və Qarabağ əlilləri üçün iftar süfrələri təşkil olunmuş, Ramazan və Qurban aylarında bəzi şəhid ailələrinə ərzaq yardımları göstərilib. Sentyabr ayında fondumuz tərəfindən Bilik Fondu ilə birgə cəbhəyanı bölgədə (Cocuq Mərcanlı, Füzuli, Ağdam, Tərtər, Laçın, Ağcabədi rayonlarında) məktəbə gedəcək 100 nəfər birinci sinif şagirdinə məktəbli forması və çantalar hədiyyə olunub. Tərtər rayonunda fondumuzun maddi dəstəyi ilə 1992-ci ildə şəhid olmuş Fərhad Nəsirovun yararsız hala düşmüş məzarı yenidən bərpa edilmişdir. Yaxın günlərdə Bakıda fəaliyyət göstərən üç uşaq evi tərəfimizdən ziyarət olunacaq və həmin evlərdəki bütün uşaqlara müxtəlif hədiyyələr veriləcəkdir.

 – Dövlət qurumu nəzdində yaradılan bir qurumun dini fəaliyyətlərlə məşğul olması ilk dəfədir. Bu mənada sizin üçün hüquqi və siyasi baxımdan hər hansı maneə varmı?

– Bəli, Mənəvi Dəyərlərin Təbliği Fondu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Fond  dini fəaliyyətlə məşğul olmur. Yuxarıda da qeyd etdiyim kimi, mənəvi dəyərlərimizin, həmçinin bu dəyərlərin tərkib hissəsi olan dini dəyərlərimizin qorunması və inkişafına, dini qurumların fəaliyyətinə dövlət dəstəyi göstərir.  Fondun prezident tərəfindən təsdiqlənmiş nizamnaməsi var və onun fəaliyyəti ilə bağlı hər şey həmin nizamnamədə öz əksini tapıb. Ona görə də fəaliyyətimiz üçün heç bir maneə yoxdur.

– Fondun strukturunun Türkiyə Diyanət Vəqfi ilə oxşar olduğu, yəni model olaraq oradan təsirləndiyi haqda fikirlər var. Türkiyədəki dövlət-din əlaqələri Azərbaycanda nümunə olaraq götürülürmü, bənzərlik varmı?

– Fond anlayışı, sadəcə, Türkiyəyə və ya başqa hər hansı bir ölkəyə məxsus deyil. Dünyanın bir çox ölkələrində müxtəlif fondlar fəaliyyət göstərir. Ölkəmizdə də təhsil, mədəniyyət, xeyriyyəçilik və s. sahələrdə fəaliyyət göstərən fondlar mövcuddur. Mənəvi Dəyərlərin Təbliği Fondunun strukturunun Türkiyə Diyanət Vəqfininki ilə oxşar olduğuna gəldikdə, hər şeydən əvvəl qeyd edim ki, hər bir ölkənin mənəvi dəyərlər sistemi özünəməxsusluğu ilə digərlərindən seçilir və hər ölkənin din-cəmiyyət, din-dövlət münasibətləri onun daxili dinamikasına görə formalaşır. Fondumz və Diyanət Vəqfi eyni sahədə fəaliyyət göstərdikləri üçün aralarında müəyyən oxşarlıqlar ola bilər. Ölkəmiz dünyəvi dövlətdir və onun din-dövlət modelində digər dünyəvi dövlətlərin modelləri ilə bənzərliklər vardır. Lakin bu o demək deyildir ki, biz onların modellərini nümunə olaraq götürürük.

Biz müxtəlif aparıcı ölkələrin fondun fəaliyyətinin inkişafına gətirib çıxaracaq təcrübələrini öyrənməyə çalışırıq. Lakin bir daha vurğulayıram ki, bizim öz mənəvi dəyərlər sistemimiz və ölkəmizin daxili dinamikasına əsaslanan din-dövlət modelimiz var.

– Dini icmalara və ya Səyyad Aranın dediyi kimi, nüfuzlu ruhanilərə maşın verilməsi fikri haradan gəlir? Bu hadisə ciddi tənqidlərə səbəb olub. Doğrudanmı, bir məscid icmasının avtomobilə ehtiyacı vardı?

– Cənab prezident İlham Əliyevin “Dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncama əsasən Mənəvi Dəyərlərin Təbliği Fonduna dörd yüz min manat vəsait ayrılıb. Dini icmaların maddi-texniki təchizatları ilə bağlı monitorinq və təhlillərimiz nəticəsində müəyyən edildi ki, onların, xüsusilə də aparıcı dini icmaların avtomobillərə ehtiyacı var. Dini icmalar ayin və mərasimlərin təşkili, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olurlar. Bunlar heç də kiçik məsələlər deyil. Söhbət cəmiyyətin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Onu da qeyd edim ki, bu dini icmaların sədrlərinin əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları və ya yerlərdəki səlahiyyətli nümayəndələridir. Bunlar isə nüfuzlu şəxslərdir. Avtomobillərin hansı dini icmalara verilməsinə gəldikdə isə bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub.

– Fondun fəaliyyət planında hansı layihələr var? Bir qədər əvvəl ölkədə yeni daha 7 mədrəsənin yaradılacağı haqda xəbərlər yayıldı. Bu mədrəsələr yaradılacaqmı?

– Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir və mədəniyyətimiz də ən qədim və zəngin mədəniyyətlərdən hesab olunur. Təbii ki, mədəniyyətimiz bu zənginliyi xalqımızın ortaya qoyduğu dəyərlərə borcludur. Mədəniyyətimizin əsas elementlərindən olan mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək çox vacibdir. Biz gələcəkdə bu sahədəki fəaliyyətlərimizi daha da gücləndirmək niyyətindəyik. Regionlarda gənclərin bu işə cəlb olunması xüsusi diqqətimizdədir. Gələcək layihələrimiz əsasən dini maarifləndirmənin davam etdirilməsi, ailə dəyərlərinin qorunması, azərbaycançılıq ideologiyasının təbliği, gənclər və məktəblilər arasında milli şüurun gücləndirilməsi və s. kimi məsələləri əhatə edəcəkdir.

Mədrəsələrin yaradılması ilə bağlı sualınıza gəldikdə isə bu sual Mənəvi Dəyərlərin Təbliği Fondunun səlahiyyətləri xaricindəki məsələdir. Bu sualı aidiyyəti qurumlara ünvanlaya bilərsiniz.

“Yeni Müsavat”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here