“Mənim Bakım” foto müsabiqəsi

“IRSPublishingHouse” nəşriyyatı, “IRS” beynəlxalq jurnalının redaksiya heyəti və Azərbaycan Fotoqrafları Birliyi 2014-cü il oktyabrın 10-dan dekabrın 10-dək 2015-ci ilin yayında Bakıda keçirilməsi nəzərdə tutulan Avropa oyunlarına həsr olunmuş foto işlərinin müsabiqəsini elan edir. Beynəlxalq münsiflər heyəti aşağıdakı mövzular üzrə foto işlərini qiymətləndirəcək:

– Bakı ilin bütün fəsillərində;

– Bakıda yeni memarlıq obyektləri;

– Bakıda idman və mədəniyyət obyektləri;

– Bakıda keçirilmiş idman yarışları;

– Bakıda bayramlar;

– Şəhərin həyatına həsr olunmuş janr fotoşəkilləri;

– Bakılıların portretləri.

Dialoq.info-nun məlumatına görə, münsiflər heyətinin seçəcəyi ən yaxşı işlər “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanan “Bakı simfoniyası” fotoalbomunda dərc ediləcək.

Müsabiqənin şərtləri:
– Müsabiqədə iştirak pulsuzdur.
– Fotoşəkillər rəngli və ağ-qara ola bilər.
– Hər fotoşəkil aşağıdakı informasiya ilə müşayiət olunmalıdır: müəllifin adı, soyadı, fotoşəklin çəkildiyi yer, tarix, telefon nömrəsi, elektron ünvan.
– Fotoşəkillər Bakı şəhərinin ərazisində son iki il ərzində çəkilməlidir.
– Fotoşəkillər elektron formada təqdim edilməlidir və fotoşəkil ölçüsünün uzun tərəfi 1000 piksel və JPEG formatında olmalıdır.
– Bir müəllifdən maksimum 10 fotoşəkil qəbul edilir.
– Müsabiqəyə yalnız müəllifin özü tərəfindən çəkilmiş fotoşəkillər qəbul edilir. Əks təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq. İnternetdən götürülmüş, digər şəxslərə məxsus olan fotoşəkillərin müsabiqəyə təqdim edilməsi yolverilməzdir.
– Fotoşəkillərdə loqotip, brend və imzalardan, həmçinin digər müsabiqələrdə qalib gəlmiş fotoşəkillərdən istifadə qadağandır.
– Fotoşəkillər iştirakçının xahişi ilə geri götürülə yaxud əvəz edilə bilməz.
– İctimai, əxlaqi və etik normaları pozan fotoşəkillər müsabiqəyə buraxılmır.
– Mobil telefona çəkilən və fotoredaktor vasitəsilə üzərində işlənən fotoşəkillər qəbul edilmir.
– Münsiflər heyəti nəticələri elan etdikdən sonra seçilmiş fotoşəkilləri maksimal həll olunmuş şəkildə təqdim etmək lazımdır.
– Müsabiqədə iştirak etmək üçün namizəd üçüncü tərəflərin hüquqlarının pozulmayacağına zəmanət verməlidir və o, belə hüquqların pozulmasına görə hüquqi məsuliyyət daşıyır.
– Fotoşəkilləri təqdim edən iştirakçı həmin fotolar üzərində sahiblik hüququnun ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq.
– Fotoşəkillər 2014-cü ilin 10 oktyabr-10 dekabr tarixləri arasında “fotomüsabiqə” qeydi ilə [email protected] elektron ünvanına göndərilməlidir. Əlaqə nömrəsi: 055 212 47 19.
– Bütün işlər kodlaşdırılaraq münsiflər heyətinə anonim şəkildə təqdim olunacaq.
– Müsabiyə təqdim olunan fotoşəkillər peşəkar münsif heyəti tərəfindən qiymətləndirilərək aşağıdakı qaydada mükafatlandırılacaq:
I yer – Fəxri fərman və 350 manat məbləğində mükafat.
II yer (iki iştirakçı) – Fəxri fərman və 200 manat məbləğində mükafat.
III yer (üç iştirakçı)- Fəxri fərman və 100 manat məbləğində mükafat.
7 iştirakçıya həvəsləndirici mükafatlar təqdim ediləcək.
Münsiflər heyətinin tərkibi:
1. Sergey Kivrin – sədr, Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti.
2. Sergey Dyakov – “Azerbaijan Airlines” jurnalının baş rəssamı.
3. Musa Mərcanlı – “IRS” beynəlxalq jurnalı və “IRS Publishing House” nəşriyyatının baş redaktoru.
4. Mirnaib Həsənoğlu – Azərbaycan Fotoqrafları Birliyinin sədri.
5. Sevinc Aslanova – Azərbaycan Fotoqrafları Birliyinin bədii şurasının üzvü.