Mərkəzi Elmi Kitabxanada elektron oxucu vəsiqəsi alan istifadəçilərin sayı dörd minə çatır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) hazırda şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən və elektron oxucu vəsiqəsi alan istifadəçilərin sayı 3 min 900-ü keçib. MEK-in fondlarında mühafizə olunan 1 milyon 409 min 481 sənəd, 15-dək beynəlxalq elektron elmi baza, nadir nəşrlər, müasir elmi mənbələr və dərsliklər, müasir elektron və ənənəvi kataloq, ixtisaslaşmış fond oxucuların istifadəsinə verilib. Bu il istifadəçilərimiz MEK-də 150-yə yaxın konfrans, seminar, təqdimat, sərgi və başqa tədbirlərdə iştirak imkanından istifadə ediblər.

Bunu MEK-in direktoru Leyla İmanova söyləyib. Onun sözlərinə görə, MEK fəaliyyətini yeni texnologiyaların hazırlanması və tətbiqi işlərinin kitabxana işi ilə inteqrasiyası üzərində qurub. Birinci mühüm nəticə Vahid İdarəetmə Sistemi (VİS) platformasının bütün komponentləri üzərində əldə edilib. VİS müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemidir. VİS Azərbaycan kitabxana-informasiya sistemi təcrübəsində ilk dəfə məhz MEK-in proqram və texniki tələblərinə uyğun olaraq yerli proqram mühəndislərinin iştirakı ilə hazırlanmış platformadır. 2019-cu ildə bütün komponentlərin istifadəyə verilməsi nəzərdə tutulub. Kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət platformasının bütün modulları hazırlanıb istifadəyə verilib. İnsan resurslarının avtomatlaşdırılmış idarəetmə və nəzarət platformalasının bütün modulları yenilənib, xəbərdarlıq rejiminin əlavə edilməsi ilə qanunvericiliyə uyğunlaşdırılıb. Proqramda tətbiq edilən yeniliklərdən biri bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, müqavilə, məzuniyyət və tapşırığın icrası müddətinin bitməsinə dair xatırlatma mexanizminin olmasıdır. Nəticədə proseslərin avtomatlaşdırılması və vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilib. www.mek.az saytının yeni baza və kod strukturu hazırlanıb, funksionallığı və çevikliyi artırılıb, axtarış sistemi (e-kataloq üzrə) və oxucular üçün “şəxsi kabinet” modulu hazırlanıb istifadəyə verilib. Saytda yerləşdirilən elanlar MEK-in binasında əməkdaşların və oxucuların istifadəsinə verilib, infoköşklərdə VİS-AN “Elan” proqram təminatı vasitəsilə çevik və idarə olunan vəziyyətə gətirilib.

L.İmanova qeyd edib ki, Azərbaycan dövlətinin son illər ərzində qarşılaşdığı vacib problemlərdən biri tarixi və mədəni irsin təhrif olunması, özününkiləşdirilməsi və tarixi reallıqların bəzi hallarda ümumiyyətlə məhv edilməsidir. Tarixi, elmi və mədəni irsimizi qoruyub saxlamaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq məqsədilə Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi məlumatların elmi əsaslarla seçilməsini, rəqəmsallaşdırmasını, uzaq məsafədən əlçatanlığının təmin olunmasını, araşdırıcıların diqqətinə sistemli şəkildə təqdim edilməsini və təhlükəsizliyinin qorunub saxlanılmasını nəzərdə tutur. 2016-cı ildə işlək səviyyəyə gətirilən MRY layihəsi çərçivəsində 2017-ci ildə elmi mənbələrin sistemləşdirilmiş qeydiyyat siyahısının birinci hissəsi hazırlanıb. AMEA-nın 16 elmi müəssisəsi tərəfindən MRY layihəsi milli yaddaşa salınması tövsiyə olunan sənədlərin siyahısı ilə zənginləşdirilib, baza elmiləşib. Rəqəmsal yaddaşda “Siyahılar” kateqoriyası yaradılıb. Bura Azərbaycan üçün milli dəyər kəsb edən “Azərbaycanın Milli Qəhrəmanları”, “2016-cı ilin aprel ayının dördgünlük müharibəsində şəhid olmuş hərbçilər”, “Atəşkəs dövründə şəhid olmuş hərbçilər”, “Qarabağ şəhidləri”, “1979-1989-cu illərdə sovet hərbi qüvvələri tərkibində SSRİ-nin Əfqanistanda apardığı müharibədə həyatını itirmiş azərbaycanli hərbçilər”, “Azərbaycan elmi diasporu” adlı siyahılar yerləşdirilib. Milli Rəqəmsal Yaddaşa aid edilən sənədlərin ümumi sayı səkkiz minə çatdırılıb. Bu kateqoriyada Prezident İlham Əliyevin imzaladığı sərəncamların icrasına dair “Türkoloji qurultay-100”, “ADR-100”, “Hüseyn Cavid-135” və başqa məlumat bazaları yaradılıb. Hazırda MRY bazasında Əhməd Cavad, Bəxtiyar Vahabzadə, Molla Nəsrəddin, Səməd Vurğun, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, diplomatik fondun materialları, markalar, xəritələr və digər sənədlər mövcuddur.

L.İmanova bildirib ki, digər mühüm nəticə beynəlxalq münasibətlərin və ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində əldə edilib. MEK-in məlumatlandırma formatı, sosial şəbəkələrdə fəallığı və mübadilə fəaliyyəti təkmilləşib, 13 min 500 kitab təyinatı üzrə yerləşdirilib. Kitabxananın saytında və media qurumları ilə il ərzində paylaşılan xəbərlərin sayı 400-ü ötüb.

2017-ci ildən başlayaraq MEK-də keçirilən tədbirlərdən yeni formatda – videoreportajlar və videomüsahibələr formasında məlumatlar hazırlanıb, MEK-in saytında və “Youtube” sosial kanalında yerləşdirilib, mediada işıqlandırılaraq ictimaiyyətin diqqətinə çatdırılıb. Sosial şəbəkələrdə fəallıq əhəmiyyətli dərəcədə artıb. Şöbənin fəaliyyəti nəticəsində MRY bazasına ölkənin aparıcı mətbuat orqanlarının nüsxələrinin PDF formatda köçürülməsi və saxlanılması prosesi başlayıb. Səfirliklərlə yaradılan diplomatik münasibətlər nəticəsində MEK-də 20-dək ölkəyə aid diplomatik guşə yaradılıb, kitab mübadiləsində ölkələrin sayı 40-a çatıb, hazırda 50-dən çox təşkilat ilə kitab mübadiləsi prosesi aparılır. Əlaqələrin inkişaf etdirilməsi nəticəsində Misir Milli Kitabxanası və Arxivləri ilə əməkdaşlığa dair memorandum imzalanıb. MEK İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan İslam Ölkələrinin Mədəniyyət İnstitutu Kitabxanasının təsis edilməsi təşəbbüsünə qoşulub, AMEA-nın elmi müəssisələrinin iştirakı ilə İƏT-ə üzv dövlətlərin Mədəniyyət İnstitutu Kitabxanasına (MİK) Azərbaycanı təbliğ baxımından xüsusi seçilmiş ədəbiyyat göndərib.

Kitabxananın mübadilə fondu da mobilləşdirilib. Belə ki, 13 min 427 sənəd AMEA-nın institutlarına, uşaq evlərinə, tərəfdaş müəssisələrə hədiyyə olunub. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kənd orta məktəbinin kitabxanasına 400-dək kitab hədiyyə edilib. Azərbaycan alimləri barədə biobiblioqrafik məlumatları özündə cəm edən sorğu kitablarının sayı rekorda çatdırılıb. On biobiblioqrafik göstərici kitabxananın əməkdaşları tərəfindən hazırlanaraq çapa təhvil verilib. Dörd biobiblioqrafik göstərici çapdan çıxıb və ictimaiyyətin istifadəsinə verilib. Həmçinin kitab təqdimatları video formatda vərəqləmə və şərhləndirmə formatına keçirilib. İnformasiya təhlükəsizliyinin təmin olunması və informasiyanın paylaşılması strateji hədəfi üzərində əldə olunmuş nəticə isə Azərbaycan kitabxanalarında qorunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın altısının qədim latın dilindən Azərbaycan dilinə tərcüməsi və kitabxana istifadəçilərinə təqdim olunmasıdır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here