RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.10.05 16:06

Məsxərəyə qoyulan onlayn verilişlərə nəzarət mexanizmi varmı?

60

Aygün Nəbiyeva / AZADİNFORM. İnternet üzərindən yayımlanan verilişlərin sayı sürətlə artır. Xüsusən  sosial şəbəkələr üzərindən yayımlanan bu verilişlərin əksəriyyətinin istər keyfiyyəti, istərsə də aparıcıların qeyri-peşəkarlığı insanların diqqətindən yayınmır.  Onlar ciddi tənqid olunur, ironiya doğururlar. Amma hər nə qədər olsa belə, cəmiyyətə, əxlaqi dəyərlərə də zərər vurmuş olurlar. 

Bəs onlayn yayımlanan, özfəaliyyət formasında, qeyri-peşəkar  olan bu verilişlərə hansısa formada  nəzarət mexanizmləri  varmı? Bunun üçün hansı tədbirlər görülməlidir?

Azərbaycanda istər internet informasiya resurslarında,  istərsə də sosial şəbəkələr üzərindən yayımlanan xəbərlərə, TV, radio verilişlərinə nəzarət etmək arzusu yoxdur. Bunun ciddi  bir mexanizmi də yoxdur. Yalnız ayrı-ayrı hallar üzrə hüquqi tənzimləmə var. Məsələn, internet üzərindən yayılan kontentdə təhqir və böhtanın yolverilməzliyi konkret olaraq Cinayət Məcəlləsində  öz əksini tapıb və bunun üçün cəzalandırma mexanizmləri var. Hansı ki, internet informasiya resurslarında baş verən neqativlər təkcə təhqir və böhtan halları deyil, digər ciddi problemlər də var. İstənilən halda burada tənzimləmə olmalıdır”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mövzuyla bağlı Azadinform-a münasibət bildirərkən deyib: “Son zamanlar bu məsələyə daha ciddi bir zərurət yaranıb. Zərurət ondan ibarətdir ki, sosial şəbəkələrdə çox təhlükəli elementlər ortaya çıxar. Hətta  ölkə üçün təhlükəsizlik problemi yarada bilən hallar ortaya çıxır. Özünü dərk etməyən, məsuliyyətini bilməyən,  savadı, səriştəsi olmayan istənilən şəxslər internetdə və social şəbəkələrdə çıxışlar edərək ciddi problemlərə yol açıqlar. Sosial şəbəkələr üzərindən yalançı  təbliğat aparırlar, əhalini dövlətə qarşı çıxmağa, etimadsızlıq mühiti yaratmağa çalışırlar. Bundan başqa, cəmiyyətdə nə qədər neqativ yönümlü sosial bəlalar varsa, onların bir səbəbi də sosial şəbəkələrə, internetə gedib çıxır. Məsələn, intihar hallarının, boşanmaların sayının artması, ailədaxili münaqişələrin çoxalması,  insanların aqressivləşməsi və s. bunların səbəbini araşdırdıqda səbəblərindən biri kimi də social şəbəkələr ortaya çıxır. Burada mütləq ciddi bir tənzimləmə olmalıdır”.

“Yeni əxlaq normaları” deyərək, əslində əxlaqsız bir cəmiyyətin yetişdirilməsinə köklənən proses gedir”

Qoyulan məsələnin çox ciddi bir problem olduğunu deyən ekspert əlavə edib ki, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin sındırılmasına hesablanmış çoxsaylı verilişlər var: “Ədəbsiz davranışlar, insanların aşağılanması, qarşı tərəfə hörmətsizlik istənilən halda, əxlaqa zidd nə qədər məsələlər varsa, bunlar sosial şəbəkələrə çıxarılır. Sanki hansısa qüvvə tərəfindən cəmiyyətdə yeni bir əxlaq normalarının yetişdirilməsinə cəhd olunur. “Yeni əxlaq normaları” dedikdə, əslində əxlaqsız bir cəmiyyətin yetişdirilməsinə köklənən  proses gedir. Təbii ki, bunun hamısının idarə olunan bir proses olduğunu iddia edə bilmərəm. Çünki özbaşına olan, savadsızlığı, səriştəsizliyi səbəbindən belə hallara yol verənlər də var. Bəlkə də əxlaqsız olan birinin sosial şəbəkədə belə hallar yaratmasını “normal” qəbul etmək olar. Amma proseslər göstərir ki, bütün bunlar təsadüfi baş vermir. Çünki sosial şəbəkə üzərindən, internet üzərindən verilişlər yaratmaq, yaymaq özü bir müəyyən vərdişlər, texniki bilgilər, maliyyə dəstəyi tələb edən proseslərdir. Əgər  bu adam hüquqları bilmirlərsə, bilgisiz, savadsızdırlarsa, maddi durumları çətindirsə, onda  bu prosesləri necə idarə edirlər? Sosial şəbəkədə hesab açmaq,  onu idarə etmək texnologiyasını necə bilirlər? Bütün bunları təhlil etdikdə aydın olur ki, bunlar təsadüfi baş vermir. Hansısa mərkəzdə, hansısa qüvvələr, gözəgörünməz təsiredici faktlar bu məsələləri stimullaşdırır. Son zamanlar bunun təsirini daha çox görürük. Çünki neqativlərin sayı artmaqdadır. Düşünürəm ki, tənzimləyici addımlar atılmalıdır”.
Sədr qeyd edib ki, öncə qanunlar uyğunlaşdırılmalıdır: “Düzdür, 2013-cü ildən başlayaraq Azərbaycanda internet media və informasiya resurslarının tənzimlənməsi üçün qanunlara dəyişiklik edilib. Amma  bu addımlar bir-bir atılır. Yəni neqativ ortaya çıxır, öz zərərini vurduqdan sonra addım atılır. Məsələyə bir kampaniya, proqram   halında baxmağa ehtiyac var. Bəzən isə qanunlar qəbul edildikdə ortada məntiqi uyğunluq aparılmır. Məsələyə bu cür yanaşmaq olmaz. Bununla bağlı işlər görülməlidir. Ona görə də təklif etmişəm ki, Azərbaycanda informasiya dövriyyəsini tənzimləyəcək bir İnformasiya Məcəlləsi qəbul olunmalıdır”.
M. Ələsgərliyə görə, qanunları uyğunlaşdırmaq dedikdə, cəza vermək forması nəzərdə tutulmur: “Bununla bağlı cəmiyyətdə bilgiləndirmə işləri aparılmalıdır. Cəmiyyətdə bu sahədə axsama var. Qanun qəbul edilir, amma təqdimatı effektiv olmur. Maarifləndirmə işləri aparılmır. Mütləq şəkildə informasiya üzərinə fokuslanmaq lazımdır. Sosial şəbəkələr nədir, necə istifadə olunmalıdır?- bununla bağlı maarifləndirilmə işləri aparılmalı, sistemli kampaniya hazırlanmalıdır. Nə qədər bu işlər aparılmır, bu sahədə də neqativlər artacaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı