RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Mədət Quliyev: Azərbaycanın təhlükəsizlik orqanları öz inkişafında yeni mərhələyə qədəm qoyub

138

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu münasibətlə Dövlət Xidmətinin şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Təntənəli mərasim DTX-nin akt zalında davam etdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Mədət Quliyev çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını peşə bayramı münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü qeyd edib, bugünkü güclü Azərbaycanın təməlinin məhz Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib. Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyev, müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin də müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu deyən general-leytenant M.Quliyev Ulu Öndərin layiqli davamçısı Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının DTX-nin əsas vəzifəsi olduğunu qeyd edib. Bu baxımdan, günün tələbləri nəzərə alınaraq, xidmətdə aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib. DTX-nin qarşısında böyük vəzifələrin qoyulduğunu, görüləsi işlərin hələ çox olduğunu vurğulayan general-leytenant M.Quliyev ölkənin sabitliyinin və təhlükəsizliyinin etibarlı təmin edilməsi, cinayətkarlıqla mübarizə üzrə aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyini bildirib.

General-leytenant M.Quliyev göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib: “Peşə bayramı ərəfəsində möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamları ilə ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi fəaliyyətimizə verilən yüksək qiymətdir. Göstərilən böyük etimada və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq, Ali Baş Komandanın bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcək”.

Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Suleymanov çıxış edərək bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. DTX xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə öz yeni tarixinin şanlı səhifələrini yazır. Veteranlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edən Şamil Suleymanov, Azərbaycanın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs vəzifəsi olduğunu vurğulanıb.

Təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin DTX-nin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın təltif edilməsi haqqında sərəncamları elan edilib.

Xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə DTX-nin əmrləri oxunub, təltif olunanlara, həmçinin peşə bayramı münasibətilə xidmətin struktur bölmələri arasında idmanın müxtəlif növləri üzrə keçirilmiş yarışların və turnirlərin qaliblərinə mükafatlar verilib.

Bayram tədbiri DTX-nin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı