Masallıda “Asan Həyat” Bahar festivalının açılış mərasimi baş tutub

Masallı şəhər ASAN Həyat Kompleksində Azərbaycan Xidmət Mərkəzi, Agentliyin tabeliyində İnnovasiyalar Mərkəzi və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Asan həyat” Bahar festivalının açılış mərasimi keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları və minlərlə rayon sakini iştirak edib.  İlk öncə Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Asan Xidmət Agentliyin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə, İran, Özbəkistan və Türkmənistan Respublikasının səfirləri və digər rəhbər işçilər Asan Həyat Kompleksində yerli şirkətlərin məhsullarından ibarət olan və Novruz adət-ənənələrini özündə əks etdirən satış yarmarkaları, milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar. 

Tədbir Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov və Asan Xidmət Agentliyin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadənin Novruzun simvolu olan tonqalın alovlandırılması ilə açılıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov möhtəşəm bayram tədbirini açıq elan edib, xalqımıza bayram təbriklərini çatdırıb. R. Hüseynov Novruz bayramı qeyd olunan ölkələrin nümayəndələrinin festivalda iştirakını dövlətlərarası mədəni əlaqələrin inkişafının bariz örnəyi kimi dəyərləndirib. “ASAN xidmət”in əməkdaşları festival iştirakçılarını xalqımızın qədim el bayramlarından olan Novruz münasibətilə təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıblar. Çıxışlardan sonra Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa toplaşanları salamlayıb və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik ediblər. Milli personajların iştirakı ilə keçirilən bayram tamaşaları, konsert proqramları, pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, yumurta döyüşləri, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib. Masallı Regional Mədəniyyət və Turizm İdarəsi, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, “Viləş” uşaq bağçasının körpələrindən ibarət qrupun, rayonun folklor kollektivlərinin rəngarəng çıxışları, Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəqs dərnəyinin şagirdlərinin rəqslərindən ibarət geniş konsert proqramı maraqla qarşılanıb. İran, Türkmənistan və Özbəkistanın Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdirib, şirniyyat paylayıblar.  Qeyd edək ki, Masallı şəhər “ASAN Həyat” kompleksində xalqımızın qədim adət-ənənələrindən sayılan Novruz bayramı münasibətilə təşkil edilən Bahar festivalı zəngin proqramı ilə Masallı sakinlərinə, eləcə də qurumun xidmətlərindən yararlanmaq üçün ətraf rayonlardan gələn vətəndaşlara unudulmaz anlar yaşadır. Bir sözlə, hər il olduğu kimi bu il də Masallıda baharın gəlişi yüksək əhval-ruhiyyə ilə qeyd olunur.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Bahar festivalının əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaqdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here