Masallıda “Qızlarımız təhsildə” layihəsi yekunlaşıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi” çərçivəsində qalib olmuş Mahmudavar kənd tam orta məktəbinin həyata keçirdiyi “Qızlarımız təhsildə” layihəsinə mətbuat konfransı ilə yekun vurulub.
Masallı şəhər 3 saylı tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə təhsil işçiləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Mətbuat konfransı layihə çərçivəsində görülmüş işlərdən bəhs edən qısametrajlı videoçarxın nümayişi ilə başlayıb.
Sonra Mahmudavar kənd tam orta məktəbinin direktoru, layihə rəhbəri Kinəxanım Əliyeva çıxış edib, qonaqları salamlayıb və layihə haqqında məlumat verib: “Layihənin məqsədi hansı səbəbdən olursa-olsun valideynləri tərəfindən təhsildən yayınan qızların yenidən təhsilə cəlb edilməsi, diqqətdə saxlanılmasıdır. Layihənin birinci mərhələsində hədəf olaraq seçilmiş 20 kənd (Xırmandalı, Məmmədxanlı, Ərəb, Qarğalıq, Köçəkli,Təkdam, Öncəqala, Hacıtəpə, Qızılağac, Həsənli, Qızılağac, Çaxırlı, Sığıncaq, Böyük Təklə, Kəlbəhüseynli, Bala Təklə, Səmidxanlı, Sərçuvar, Təzəkənd) məktəblərində seminarlar həyata keçirilib. Seminarlarda ümumi olaraq 412 məktəbli qız iştirak edib. Layihənin ikinci mərhələsində seminarlardan seçilmiş (hər məktəb üzrə 2 fəal) 40 fəal qız Masallı rayon Heydər Əliyev Mərkəzinə, SYSLAB Masallı Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Dövlət Rəmzləri Muzeyinə, yenicə istifadəyə verilmiş Sənaye Məhəlləsinə, ASAN Xidmət Mərkəzinə, ABAD layihəsinin ofisinə, Xalçaçılıq Mərkəzinə, ASAN İntelektual Mərkəzinə bir günlük ekskursiyaya cəlb edilib”.
Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev qızların təhsilə cəlb olunması üçün həyata keçirilən layihənin çox vacib məsələləri özündə əks etdirdiyini qeyd edib, layihənin davamlı olmasını arzulayıb.
Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, layihənin eksperti Rəşad Dadaşov, layihənin təlimçisi Rafət Şirəliyev “Qızlarımız təhsildə” layihəsinin aktuallığını diqqətə çatdırıb, faydasını dilə gətirib, fikirlərini bildiriblər.
Sonda layihə çərçivəsində çəkilmiş “Sonradan” adlı sosial çarx təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here