RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.20 15:54

MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb – Vüqar Rəhimzadə

66

“AXC-Müsavat hakimiyyətinin ən böyük siyasi səhvlərindən biri o idi ki, potensialına və gücünə uyğun olmayan bəyanatlar verirdi. Məsələn, Təbrizlə, Dağıstanla, Uyğurla bağlı çox gülünc iddialar səsləndirirdilər və bununla da dünyanı Azərbaycana qarşı çevirirdilər. Elə Sovet imperiyası dağıldıqdan sonra yaradılmış Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmamaqla da Azərbaycanı postsovet məkanındakı proseslərdən təcrid edirdilər, küncə sıxışdırırdılar”. Bu fikirləri SİA-ya açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, 1992-ci ildə Azərbaycanın xarici siyasəti iflic vəziyyətdə idi. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa zamanda Azərbaycanın balanslı xarici siyasət konsepsiyasını formalaşdırdı və reallaşdırdı: “O zamank; hakimiyyətin xarici siyasətdə buraxdığı bir sıra səhvlər milli dövlətçiliyimizi böyük təhlükə qarşısında qoymuşdu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin milli mənafelərinin qorunmasına yönələn mühüm addımlar atıldı. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərbə inteqrasiya və Rusiya, türkdilli dövlətlər, müsəlman dünyası ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Bununla da müstəqil Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməyə başladı”.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olmasının siyasi əhəmiyyətindən danışan baş redaktoru qeyd edib ki, ulu öndər Heydər Əliyev Cənubi Qafqaza ən böyük təsir imkanlarının Rusiyada olduğunu nəzərə alaraq özünün ilk səfərlərindən birini məhz bu ölkəyə etmişdi: “O zaman paralel olaraq ölkənin MDB-yə daxil olmasına start verilmişdi. Birliyə daxil olmaq isə Rusiya ilə münasibətlərin daha da yaxşılaşdırılması demək idi. Çünki beynəlxalq münasibətlərdə liberal nəzəriyyənin beynəlxalq təşkilatların guya ki, neytral statusda fəaliyyət göstərdikləri deyilsə də, əslində bu və digər beynəlxalq təşkilatın arxasında qlobal gücün dayandığını inkar etmək mümkün deyil. Beləliklə, ulu öndər Heydər Əliyevin Moskvaya səfəri Rusiya ilə olan gərgin münasibətlərimizi xeyli yumşaltdı və onlara yeni çalarlar qatdı”.

“Azərbaycan Respublikası Milli Məclisi 21 dekabr 1991-ci ildə Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Ukrayna, Belarus arasında imzalanmış sazişi yalnız və yalnız 24 sentyabr 1993-cü il tarixində ratifikasiya etdi. Bununla da rəsmi Bakı MDB çərçivəsində Ermənistanın antiazərbaycan siyasətini sıxışdırmış oldu” deyən Vüqar Rəhimzadə əlavə edib ki, hələ o

zaman bəzi qüvvələr Azərbaycanın MDB-yə üzvlüyünü təhlükəli bir hal kimi qələmə verirdilər: “Lakin zaman göstərdi ki, əksinə, rəsmi Bakı MDB-yə üzv olmaqla xarici vektorlar arasındakı duruma tarazlıq gətirərək ölkəmizin müstəqilliyinin qorunmasını, onun gələcək inkişafını təmin etməyi bacardı. MDB-yə üzvlük sadaladığımız geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, humanitar, mədəniyyət kimi sahələrdə də Azərbaycana yeni dividendlər qazandırdı. Bu gün Azərbaycan da daxil olmaqla MDB-yə üzv olan dövlətlərin birlikdaxili fəaliyyətləri müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdıqları hökumətlərarası qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqləyir.

Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi, MDB çərçivəsində də aktiv fəaliyyətlə məşğuldur və qurumun yaratdığı perspektivlərdən yararlanmaqdadır. Azərbaycan Ermənistandan başqa MDB-yə üzv hər bir dövlətlə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitəfərli münasibətlərə malikdir ki, bu da Ermənistanın bu platforma daxilində imicinə zərbə vuran böyük amil kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-aşkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqelərini rəsmi Yerevanın işğalçılıq siyasəti ilə əlaqələndirirlər”.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, Azərbaycanın MDB kimi təşkilata üzv olması ölkəmizin iqtisadi perspektivlərinin önünün açılmasına səbəb olmuşdur: “Yaddan çıxarmaq olmaz ki, Azərbaycan MDB-yə daxil olmaqla bağlı sənədi ratifikasiya etdikdən düz bir il sonra sentyabrın 20-si “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Əgər MDB-yə daxil olmasaydıq və Rusiya ilə gərgin münasibətlərdə qalsaydıq, perspektivi bəlli olmayan yola girə bilərdik. Bir sözlə, Birliyə üzvlük tariximiz bu illər ərzində göstəmiş oldu ki, 26 il əvvəl sentyabrın 20-də Azərbaycan xarici vektorda mühüm dəyişikliklər edərək gələcək uğurların əsaslarından birini qoyub”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı