Media təmsilçiləri “Anadolu” Agentliyində olublar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə respublikanın aparıcı media təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri davam edir.

Nümayəndə heyətinin növbəti görüşü “Anadolu” Agentliyində keçirilib. KİV rəhbərləri agentliyin ofisi, texniki imkanları və struktur bölmələri ilə tanış olublar. “Anadolu” Agentliyinin baş direktor müavini Metin Mutanoğlu təmsil etdiyi qurumun Azərbycan KİV-ləri ilə əlaqələri və bu yöndə yeni planları barədə məlumat verib. Mutanoğlu “Anadolu” Agentliyi ilə “AzərTAC” Agentliyi arasındakı sıx əməkdaşlıq və müştərək proqramları nümunə göstərərək media qurumlarının əlaqədə çalışmasının hər iki ölkə üçün ciddi töhfələr verə biləcəyini qeyd edib. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Fondun icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli media təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və Fondun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli hər iki ölkənin media qurumları arasında münasibətlərin inkişaf etdirilməsi üçün təkliflərini səsləndirib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Şərq” qəzetin baş redaktoru Akif Aşırlı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Teleqraf” Media qrupunun rəhbəri Aynur Camal Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,“Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Fondun aparıcı məsləhətçisi Babək Məmmədzadə, Fondun informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev daxildir.

Səfər proqramı dekabrın 1-də başa çatacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here