“Mediada dini mövzuların işıqlandırılması”

Avqustun 3-də Azərbaycan İlahiyyat İnstitutunda “Mediada dini mövzuların işıqlandırılması” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən İnstitutun müəllimi i.f.d. Aqil Şirinov bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir. O, Azərbaycanın çoxkonfessiyalı ölkə olduğunu və burada ayrı-ayrı dinlərin və məzhəblərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.

Azərbaycanda milli mənəvi dəyərlərin və dini durumun sabitliyinin qorunması üçün qarşıda iki mühüm vəzifənin dayandığını bildirən A.Şirinov bunlardan birincisinin radikal dini qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirməkdən, digərinin isə xurafata qarşı mübarizə aparmaqdan ibarət olduğunu qeyd edib. O, radikallıq və xurafata qarşı mübarizədə medianın gücündən istifadə etməyin zəruri olduğunu vurğulayıb.

O, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. Vurğulayıb ki, jurnalistlər dini dəyərlərin düzgün təbliğini təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.

Daha sonra jurnalist Kənan Rövşənoğlu “Mediada dini mövzuların işıqlandırılması” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, nəzəri olaraq Media sözü hər cür biliyin – informasiyanın kütləyə, insanlara çatdırılmasıdır. “Medianın 3 əsas istiqaməti var: Maarifləndirmə, xəbər vermə və əyləndirmə. İlk iki istiqamət, yəni maarfiləndirmə və xəbər vermə bilavasitə həm də dinlə bağlı olan istiqamətlərdir”, – deyə K.Rövşənoğlu diqqətə çatdırıb.

Kütləvi informasiya vasitələrinin köməyi ilə insanların qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat aldığını bildirən K.Rövşənoğlu, müasir dövrdə kütləvi informasiya vasitələrinin əsasən qəzet, jurnal, radio, televiziya və təbii ki, yeni əsrin müasir media texnologiyası olan interneti özündə ehtiva etdiyini qeyd edib.

Medianın dini mövzulara iki istiqamətdən yanaşdığını vurğulayan jurnalist, birinci istiqamətin dini maarifləndirmədən, ikinci istiqamətin isə dini mövzuda yerli və xarici xəbərlərin, din sahəsində baş verən proseslərin işıqlandırılmasından ibarət olduğunu bildirib

O, qeyd edib ki, respublikanın ictimai-siyasi mətbuatı 2000-ci illərin əvvəllərindən başlayaraq dünyada gedən proseslərin təsiri ilə dini mövzulara daha çox diqqət göstərməyə

başlayıb. Bunu şərtlərndirən bir çox daxili və xarici faktorlar olub. Yaxın Şərqdə baş vermiş hadisələr, 2005-ci ildəki karikatura böhranı, İsrail-Livan müharibəsi, ərəb baharı ilə əlaqəli proseslər medianın dini mövzulara daha çox diqqət ayırmasına səbəb olub.

“Azərbaycan Yaxın Şərq regionu ilə qonşu olan müsəlman ölkəsidir. Bu regionda baş verənlər bu və ya digər formada Azərbaycana da öz təsirini göstərir. Bundan media da “öz payını” alır. Bu isə həm də dini mövzulara marağı, diqqəti artırır, həmçinin media üçün yeni tələblər, şərtlər yaradır”,– deyə Kənan Rövşənoğlu bildirib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here