Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi qeyd edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları xalqımızın qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin heykəli qarşısında anım tədbiri keçirib. Kitabxanadan SİA bildirilib ki, ölməz qəhrəmanın heykəli önünə gül dəstələri qoyularaq onun keçdiyi döyüş yolu haqqında geniş məlumat verilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il iyunun 23-də Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının fəal nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilməkdədir.

Tədbirdə Mehdi Hüseynzadənin Bakının Novxanı kəndində anadan olması, təhsilini Bakı Rəssamlıq məktəbində, Leninqrad Xarici Dillər İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda alması, müharibə illərindəki döyüş yolları haqqında geniş məlumat verilib. Mehdi Hüseynzadənin “Mixaylo” ləqəbi ilə partizan hərəkatındakı şücaətindən, İtaliyanın Vitovlye kəndində həlak olmasından, ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilməsindən söhbət açılıb.

Bildirilib ki, Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.

Tədbirdə şagirdlər Mehdi Hüseynzadəyə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda kitabxanada təşkil olunmuş “Mehdi Hüseynzadə-100” adlı fotostendə baxış keçirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here