Mehriban Əliyeva qızları ilə sərgidə

Mehriban Əliyeva qızları ilə sərgidə

Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimi keçirilib.

Dialoq.info xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.

M. Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüb. M. Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsiblər.

M. Əliyeva, qızları və Monako Şahzadəsi II Albert sərgi ilə tanış olublar.

Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.

“Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Qeyd edək ki, Q. Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi.

Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.