RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.09 12:14

Mehriban Əliyevadan dövlətçilik dərsi!

175

Çoxu çox söz danışar, amma ortada elə faktlar olar ki, hər hansı ədalətsiz deyilən söz, ria və ya təhqir onun üstünü örtə bilməz. Bu yazıda sizə bir ayın içində baş verən iki hadisəni xatırladacağam.

Biri, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin yaşadığı mənzilin yüksək səviyyədə təmir olunmasıdır. O mənzil ki, illər uzunu baxımsızlıqdan, diqqətsizlikdən yaşamaq üçün yararsız hala düşürdü. Ətrafında dayanmadan söz-söhbət dolaşdl. Ailəsinin də, mərhum Prezidentin də ünvanına təhqirlər söylədilər. Amma kimsə demədi, düşünmədi ki, əslində bu, siyasi mədəniyyət nümunəsidir. Azərbaycanın müstəqilliyi üçün çalışmış mərhum Elçibəyin, eləcə də bu yolda gerçək fəaliyyəti olan digər adamların da unudulmadığının, unudulmayacağının göstəricisidir.

İkinci olay, daha çox müxalif mövqeyi ilə seçilən, ictimai fəal Oqtay Gülaliyevin yol qəzasında ciddi xəsarət alaraq xəstəxanaya düşməsidir. Oqtay bəyin başına gələn və ya dövlətdə çaxnaşma meyilli kimlərinsə gətirdiyi bu olayda məsuliyyət daşıyan tərəf kimi dövləti hədəfə aldı radikal müxalifət. Daha doğrusu on dörd ildir susan, indi kiminsə “çömçəsi” kimi ortaya düşən Əli Kəlimli və Milli Şura. Guya Oqtay bəy siyasi baxışlarından yana hədəf olub və ona sui-qəsd edilib. Onlar qəzanın sürətlə yayılan video görüntüsünü ilk əl kimi necə və haradan tapdıqlarını kimsəyə demədilər! Araşdırma olmadan dövləti, siyasi hakimiyyəti hədəf etdiklərini də açıqlamadılar! Dövləti ittiham etdirdilər, vəssalam! Əslində xeyli sual var. Qəzanın video yazısını necə əldə etdiniz? Və ya niyə məhz sizin düşərgədən olanlara ötürüldü həmin videoyazı? Bəlkə Azərbaycan dövlətinə və siyasi hakimiyyətə qarşı olan “üçüncü əlin” siz radikallarla ittifaqının nəticəsi idi bu qəza? Hələlik cavabı olmadığı üçün suallar açıqdır. Amma əsas olan bu ki, çox gedə bilmədilər ağızlarına “tərs sillə” gəldi. Bu “silləni” vuran da, sabiq və mərhum prezidentin evi, ailəsi ilə bağlı jesti edən də ölkənin birinci vitse-prezident Mehriban Əliyeva idi. “Silləyə” gəlincə, bu Oqtay Gülalıyevin dövlət tərəfindən himayəyə götürülməsi və onun müalicə xərclərinin ödənməsi ilə başlanan jestdir. Hazırda Türkiyə Cümhuriyyətində davam etdirilir.

Sabiq və mərhum dövlət başçısının, Əbülfəz Elşibəyin mənzili təmir olunub, ailəsinə verilib. İnanırsınız ki, ruhu şaddır. Çünki hər bir siyasi lider özündən sonra xatırlanmasını, ailəsinin diqqətdə saxlanmasını, unudulmamağı arzulayar. Bunu ondan sonra ailəsi üçün edirlərsə demək, unudulmayıb, dəyər verilir, hələ çox xatırlanacaq.

İctimai fəal Oqtay Gülalıyevə gəlincə, M.Əliyevanın onun səhhəti ilə bağlı məsələni əvvəl Azərbaycanda himayəyə götürməsi, sonra Türkiyə Cümhuriyyətinə göndərməsi ölkədə ikinci Elmar Hüseynov olayının yaranmasının qarşısını aldı. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu da qətlə yetirib məsuliyyəti dövlətin üzərinə qoymaq istəyirdilər. O hadisədən çıxış edib ölkədə kütləvi etiraz aksiyaları təşkil etməyə çalışdılar, amma olmadı. Oqtay bəy kimi, Elmarın olayında da qətli dövlətin sifariş verdiyini iddia edən radikalların istəyi ürəyində qaldı. Elmar olayında ölkə başçısı İlham Əliyev məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürməklə vəziyyəti tənzimlədi. Oqtay Gülalıyev məsələsində birinci vitse-prezident Mehriban Əliyevanın jesti yenə dövlətin məsələdən xəbərdar( ümumiyyətlə maraqlı) olmadığını isbatladı. Və yenə də siyasi hakimiyyətə qarşı ixtişaş bəhanəsini aradan qaldırdı.

Məsələnin bir başqa aspekti də var. Əslində bu iki olay həm də jest, nümunədir. Özü də bu siyasi camiyəyə, ictimai rəyə nümunə idi. İnsanlıq, diqqət və sevgi nümunəsi. Həm də o deməkdir ki, nəinki Azərbaycanın, dünyanın ehtiyacı olan şeydir diqqət, sevgi və insanlıq. Dünyanı da, Azərbaycanı da böhtanlardan, ixtişaşlardan, işğaldan qorumağın yoludur bu. Adamlara ədalətli olmaq, haqq etdiklərini onlardan əsirgəməmək, vicdanına hesabat verəndə utanmamaq. İndi kimsə bu qədər jestə adekvat cavab vermirsə, bu da olsun onun qabliyyətinin, mənəviyyatının və vicdanının məsələsi. Daha doğrusu göstəricisi. Ayrı söz deməyə adamın nə əxlaqı, nə də tərbiyəsi yol vermir!..

Arzuman Abdulkərimov
Ana Vətən Partiyasının sədr müavini

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı