MEK-ə “Türk dünyası” adlı beşcildlik daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Türk dünyası” adlı beşcildlik  daxil olub.

Kitabın müəllifi millət vəkili, Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavanşr Feyziyevdir. Kitabın elmi redaktorları – AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov və fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılovdur.

“Türklər və dünya” konteksində yazılmış kitabda ən qədim dövrdən günümüzədək türk xalqlarının tarixi, mədəniyyəti, yaşam tərzi, iqtisadi-siyasi həyatı, dünya elminə verdiyi mədəni və elmi töhfələr, habelə tarixi şəxsiyyətləri barədə ensiklopedik məlumat verilib.

“Türk siviliziyasiyasının təməl dəyərləri” adlı I-ci kitabda türk sivilizaiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi əks olunub.

“Türk xalqları” adlanan II-ci kitabda türk etnocoğrafiyası, əski türk ulus və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolu barədə məlumat verilib.

“Türk dövlətçiliyi tarixi” adlı III-cü kitabda isə türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətlərinə dair bilgilər təqdim olunub.

“Türkşünaslıq” adlı IV-cü kitab türkşünaslığın aktual problemlərinə, türkçülük ideologiyası və onun nümayəndələrinə, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikasına, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensiaları və perspektivləri məsələlərinə həsr olunub.

“Türk dünyasının tarixi şəxsiyyətləri” adlanan sonuncu V-ci kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidməti sistemləşdirilərək nəzərə çatdırılıb.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi şurasının qərarı ilə çap olunan kitab türk xalqlarının tarixi ilə maraqlanan elmi ictimaiyyət və geniş auditoriya üçün nəzərdə tutulub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here