MEK hərbi hissəyə kitablar hədiyyə edib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində 3 Dekabr – Ümumdünya Əlillər gününə həsr olunmuş tədbir keçirib. Tədbirə AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) da dəstək verib.
Tədbirin rəsmi hissəsində çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyev bildirib ki, 3 Dekabr BMT tərəfindən elan olunmuş Beynəlxalq Əlilliyi olan insanların günüdür: “Bu gün bayram etmək üçün deyil, bütün dünya ictimaiyyətinin diqqətini əlilliyi olan şəxslərin problemlərinin həllinə və hüquqlarının müdafiəsinə cəlb etmək məqsədi daşıyır”.
Tədbirdə Müdafiə Nazirliyinın əməkdaşı Zümrüd Səmədova, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, istefada olan polkovnik Elşad Sabanov, Qarabağ müharibəsi veteranı, tibb xidməti polkovniki İlham Sadıqov çıxış ediblər.
MEK Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü çıxışında hərbiçilərimizi Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100 yaşının tamam olması münasibətilə təbrik edərək, ordumuzun sayəsində Azərbaycan bayrağının işğal olunmuş torpaqlarımızda dalğalanacağına inandığını söyləyib. O, bildirib ki, MEK Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə çap olunmuş kitabları hərbi hissəyə hədiyyə edib.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllim və tələbələri, ictimai birliyin üzvləri şeir, musiqi, rəqs nömrələri ifa ediblər.
Tədbirdə Mərkəzi Elmi Kitabxananın Layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev, Müdafiə Nazirliyinin əməkdaşları – Murad Müslümov, Sairə Rəsulova, birliyin üzvü, Qarabağ veteranı Həsənağa Bayramov, ADMİU-nun dekanı, dosent Nərmin Qaralaova da iştirak edirdilər.
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği və kitab almaq imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi məqsədilə mütəmadi olaraq kitab hədiyyəsi və açıq kitabxana aksiyaları həyata keçirir. Aksiya çərçivəsində AMEA-nın müəssisələrinə, ali məktəb kitabxanalarına, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Dövlət Təhlükəsizlik Xidmətinə, Pirallahı rayon İcra Hakimiyyətinə, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədi ilə kitablar təqdim edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here