MEK İraqın Mosul şəhərindəki kitabxanalara kitab göndərəcək

İraq Respublikasının Azərbaycandakı səfirliyinin üçüncü katibi Enas Abdul Kadhim Mohammed Al-Khazraji AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova ilə görüşüb.
Görüş zamanı diplomat İraqın Mosul şəhərinin İŞİD terror təşkilatı tərəfindən dağıdılmasından, o cümlədən 2014-cü ildə buradakı ən böyük kitabxanaların yandırılmasından söz açıb. Mosul Universiteti Kitabxanasının, Ninəva Milli Muzeyi kitabxanasının, Ninəva Yerli Admnistrasiyası Milli Kitabxanasının yandırıldığını deyən üçüncü katib işğaldan azad olunmuş Mosul şəhərindəki kitabxanalara kitablar topladıqlarını açıqlayıb. Onun sözlərinə görə kitab toplanılması prosesi İraq Respublikası Nümayəndələr Palatası Mədəniyyət və Mətbuat Komitəsinin qərarı ilə başlayıb. E.Al-Khazraji həm ölkə daxilindən, həm də səfirliklər vasitəsilə xarici ölkələrdən kitablar topladıqlarını söyləyib. Azərbaycanın daim İraq xalqına dəstək olduğunu vurğulayan diplomat AMEA Mərkəzi Elmi Kitabxanasından da Mosuldakı kitabxanalar üçün kitablar istəyib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova İraqın qədim mədəniyyətə sahib olduğunu və tarixən kitabxanaları tərəfindən dünya informasiya-kitabxana müəssisələrinə və araşdırıcı mütəxəssislərə sənədlər ilə yardım etdiyini söyləyib. Direktor, İraqın şəhər və kəndlərinin dağıdılmasını, bununla yanaşı qədim mədəniyyətin də məhv edilməsini hər bir Azərbaycan vətəndaşı tərəfindən ürək ağrısı ilə qarşılandığını təəssüflə vurğulayıb. Azərbaycanın daim İraq xalqına dəstək olduğunu deyən L.İmanova MEK tərəfindən İraq Səfirliyi vasitəsilə Mosul kitabxanalarına kitab yardımının göstərilməsinə hazır olduqlarını  bildirib.
Xatırladaq ki, ölkəmizin elmi-mədəni yeniliklərinin, tarixi irsinin təbliğini əsas fəaliyyət meyarlarından biri kimi diqqətdə saxlayan Mərkəzi Elmi Kitabxana ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif qurumların – elmi müəssisələrin, təhsil ocaqlarının, səfirliklərin, diaspor nümayəndəliklərinin, həmçinin digər təşkilatların kitab əldə edilməsi ilə bağlı müraciətlərinə dəstək verib. Bugünə qədər MEK-in Mübadilə fondundan müxtəlif layihələr çərçivəsində minlərlə kitab sözügedən müəssisələrə təqdim edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here