MEK media qurumlarına elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

Martın 14-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Əməkdaşlıq müqavilələri çərçivəsində MEK-də formalaşdırılmış kolleksiyalar” adlı tədbir keçirib.

MEK-in Kitabxana-xidmət şöbəsinin Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Aygün Əliyeva kolleksiyalar haqqında slaydlı təqdimat edib. Bildirib ki, Mərkəzi Elmi Kitabxana ötən bir neçə ildə bir sıra qurumlarla əməkdaşlıq həyata keçirib, memorandumlar imzalayıb. O, Ombudsman Aparatı, BDU-nun Elmi Kitabxanası və Jurnalistika fakültəsi, Azərbaycan Mətbuat Şurası, Türkiyənin İldırım Bəyazid Universiteti Kitabxanası, Misir Milli Kitabxanası və Arxivləri ilə imzalanmış müqavilələr haqqında ətraflı məlumat verib. Müqavilələrdə əks olunan bəndlərə uyğun olaraq kitablar və digər qiymətli sənədlər MEK-in elektron kataloquna daxil edilib. MEK-in media ilə, dövri mətbuatla əməkdaşlığından söz açan A.Əliyeva Azərbaycanın bir sıra aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi haqqında məlumat verib. O, nümunə olaraq “Yeni Azərbaycan”, “Azərbaycan”, “İki sahil”, “525-ci qəzet” və “Olaylar” qəzetlərinin adını çəkib. Təqdim edilən nüsxələr mövcud qaydalara əsasən işlənərək MRY bazasına daxil edilib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş haqqında da iştirakçıları məlumatlandırıb. Bildirib ki, Azərbaycana aid informasiyanı idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılan MRY bazası artıq elmiləşib. Aygün Əliyeva imzalanmış müqavilələr çərçivəsində müxtəlif yerli və xarici qurumlara MEK tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sənədlərin təqdim edilməsini, birgə sərgilərin təşkilini, beynəlxalq elektron bazalara çıxışın əldə edilməsini vurğulayıb.

Ombudsman Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova milli irsimizə, mədəni dəyərlərimizə göstərdiyi diqqətə görə MEK-ə təşəkkür edib. MEK və Ombudsman Aparatının ötən ay reallaşdırdığı “Açıq kitabxana” layihəsindən söz açıb. O, Ombudsman Aparatının bu əməkdaşlıqda hər zaman maraqlı olduğunu bildirib. Çox zaman kitabxana əməkdaşlarının fəaliyyətinin kölgədə qaldığını deyən Azadə Novruzova qeyd edib ki, MEK-in çalışmaları, gördüyü işlər, icra etdiyi layihələr bunu aradan qaldırıb.

BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının əməkdaşı Samir Xalidoğlu MEK-in tədbirlərini, fəaliyyətini daim mediadan və sosial şəbəkələrdən izlədiyini, təqdir etdiyini bildirib. Qeyd edib ki, kitabların yazılması ilə yanaşı onu geniş auditoriyaya təqdim etmək, rəqəmsallaşdırmaq da böyük əhəmiyyət daşıyır. S.Xalidoğlu məhz bu cəhətdən MEK ilə BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlığının müsbət olduğunu deyib.

Sonda MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxana ilə memorandum imzalayan bütün təşkilatlara təşəkkür edib, aparıcı media qurumlarına elektron arxivlərinin etibarlı mühafizəsi üçün MEK-ə təqdim edilməsi ilə bağlı müraciət edib, daxil olan sənədlərin ciddi şəkildə sistemləşdirilməsi, ictimailəşdirilməsi barədə məlumat verib, bu çalışmaların müsbət nəticələr doğurduğunu söyləyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here