“Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində “Mənim tanıdığım Vaqif” sənədli filminin təqdimat mərasimi keçirilib.  Mədəniyyət və Turizm Nazirliyi  və “BP Azərbaycan” şirkəti tərəfindən ərsəyə gələn sənədli film caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.

Ekran əsərinin nümayişindən əvvəl keçirilən mətbuat konfransında BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı filmin əhəmiyyətindən söz açıb. T. Bayatlı bildirib ki, film təmsil etdiyi qurumun son illər reallaşdırdığı sosial və mədəni layihələrdən biridir.

Filmin ssenari müəllifi  Füzuli Sabiroğlunun sözlərinə görə, Vaqif Mustafazadə haqqında bir sıra ekran əsərləri çəkilib, bu dəfə isə Vaqif Mustafazadə sənətinə xaricdən baxış özünü göstərir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətə Əlaqələr şöbəsinin əməkdaşı Türkan Rüstəmova son illər nazirlik tərəfindən həyata keçrilən bir sıra layihələrdən söz açıb. T. Rüstəmova qeyd edib ki, filmin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalı günlərində təqdimatı əlamətdardır.

Daha sonra ekran əsərinin təqdimat mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, dövlət və hökumət nümayəndələri iştirak edib.

BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrel, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teleaparıcı Rahib Azəri Vaqif Mustafazadənin sənətindən, Azərbaycanın zəngin musiqi ənənələrindən danışıblar.

Qeyd olunub ki, film Vaqif Mustafazadənin sənətinin əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə verilmiş qiymətli töhfə olacaq.

 

apa.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here