Mərkəzi Elmi Kitabxana və BDU arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumun imzalanma mərasimi BDU-nun Elmi Kitabxanasında keçirilib.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru professor İradə Əliyeva kitabxanaların elmi və mədəni irsin toplanıb qorunmasındakı rolundan, informasiya mübadiləsinin zəruriliyindən və bu baxımdan elmi müəssisələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmindən danışıb. Tərəflər arasında imzalanacaq Memorandumun BDU üçün əhəmiyyətini qeyd edən prorektor əməkdaşlıq sazişində informasiya və sənəd mübadiləsinin reallaşması kimi məsələlərin nəzərdə tutulduğunu, bunun da müəssisələrin elmi vəsait bazalarının daha da zənginləşməsinə və gələcəkdə birgə layihələrin təşkilinə zəmin yaradacağını vurğulayıb.
BDU Elmi Kitabxanasının direktoru Sara İbrahimova Elmi Kitabxananın imkanlarından danışıb, bildirib ki, respublika ali məktəb kitabxanaları ilə yanaşı 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparılır. S.İbrahimova, həmçinin universitetin elektron kitabxanası haqqında da ətraflı məlumat verib.
MEK direktoru Leyla İmanova iki elmi müəssisə arasında əməkdaşlığın əhəmiyyətinə toxunub, informasiyanın əmtəəyə çevrilməsində, informasiya bazarının formalaşmasında, qlobal informasiya mühitinin yaranmasında elektron kitabxanaların rolundan bəhs edib. L.İmanova MEK-in beynəlxalq standartlar əsasında hazırlanmış e-kataloqunun mübadilə imkanlarından, son bir ildə Budapeştdə Georq Hazainin Ev-kitabxanası, Naxçıvanda Hüseyn Cavid və İstanbulda Kazım Qarabəkirin Ev-muzeyləri, Azərbaycan Diplomatik Akademiyasının kitabxanası ilə elektron kataloq da daxil olmaqla elektron resursların birləşdirilməsi barədə məlumat verdi. L.İmanova MEK tərəfindən son 3 ildə həyata keçirilən, 2017-ci ilin dekabr ayından başlayaraq isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Milli Rəqəmsal Yaddaş” layihəsi, MEK elektron kataloqunun Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupunun hazırladığı ilkin reyestrlər üçün əsas kimi qəbul edilməsini BDU ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün zəmin yaratdığını bildirdi.
BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev imzalanacaq sazişin fakültənin maddi bazasının zənginləşməsinə və müəssisələr arası elmi-təcrübə mübadiləsinin çoxçalarlı inkişafına, media imkanlarının əlaqələndirilməsinə və genişlənməsinə müsbət təsir edəcəyini bildirib.
Sonda Mərkəzi Elmi Kitabxana ilə BDU Elmi kitabxanası və BDU Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu tərəflər adından MEK direktoru Leyla İmanova, BDU Elmi kitabxanasının direktoru Sara İbrahimova və BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev imzalayıb.
Müzakirələr BDU Elmi Kitabxanası və BDU Jurnalistika fakültəsinin yeni təşkil edilmiş Tədris-teleradio studiyasında davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here