“Meşələrimiz – milli sərvətimizdir” layihəsinin təqdimatı keçirilib

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin yeni,  mərhələli şəkildə həyata keçiriləcək “Meşələrimiz – milli sərvətimizdir” layihəsinin təqdimatı noyabrın 29-da Beynəlxaq Beynəlxaq Mətbuat Mərkəzində baş tutmuşdur. Tədbiri giriş sözü ilə “Aydınlığa doğru” İB sədri Solmaz Əmirli açdı və tədbirin məram və məqsədini açıqladı. S.Əmirli Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) fəaliyyətini dəstəklədiklərini qeyd etdi və bildirdi ki, “Meşələrimiz – milli sərvətimizdir” adlı davamlı ekoloji layihənin özünəməxsus cəhəti – bu layihənin həyata keçirilməsində hər yaşdan, hər təbəqədən olan vətəndaşlarımızın iştirak edə bilməsidir. Sonra layihəni təqdim etmək üçün söz Təhsil Islahatları üzrə təlimçi Namiq Aslanova verildi. N.Aslanov çıxışında indiki Azərbaycan Respublikasının ərazisinin eramızın V əsrində 78%, XVIII-XIX əsrlərdə 35% meşə ilə örtülü olduğunu, hal-hazırda isə Azərbaycanda meşələrin ümumi sahəsinin 11,8% təkil etdiyini ürək ağrıdan fakt kimi qeyd etdi. N.Aslanov bildirdi ki, layihənin icrası Cəlilabad rayonundan başlayacaq və daha sonra digər bölgələrdə davam etdiriləcəkdir.

Təqdimatdan sonra söz alan qonaqlar layihə barədə öz rəy və təkliflərini bildirdilər. Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin nümayəndələri Şövkət Bəkirov və Sadiq Salmanov çıxış edərək, son illərdə bu sahədə olan irəliləyişdən danışdılar və layihəni dəstəklədiklərini qeyd etdilər. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Ombudsman aparatının sektor müdiri Yeganə Cəfərova öz cıxışında sovet dönəmində agacəkməylə bağlı iməciliklərin tez-tez keçirildiyini və əvvəl yaşadığı Sumqayıt şəhərində o yerdlərdə indi geniş meşə zolağının əmələ gəldiyini söylədi, bu gözəl ənənənin indi də kütləvi hal alması arzusunda olduğunu bildirdi.

Respublikanın baş kardioloqu Əli Nağıyev və həkim fitoterapevt, Herba Flora şirkətinin rəhbəri Fizuli Hüseynov ağacların planetimizin oksigenlə zənginləşməsində və dolayısı ilə sağlamlığımızda rolundan danışdılar. Fizuli Hüseynov kasıbların meşələrimizi heyvan otarmaqla, varlıların isə ağacları qırıb yerində villa tikməklə tədricən məhv etdiklərini söylədi və “Meşələrimiz – milli sərvətimizdir” layihəsinə maliyyə dəstəyi göstərəcəyini bildirdi. Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Şahlar Əsgərov: “Mədəniyyət ilk ağacın kəsilməsilə başladı və son ağacın kəsilməsi ilə sona çatacaq. Çox istərdim ki, insanlarımız “mənim bağım”, mənim ağaclarım” düşüncəsi ilə deyil, “bizim bağımız” “bizim ağaclarımız” düşüncəsilə təbiətə yanaşsınlar” dedi.

AMEA ədəbiyyat institunun aparıcı elmi içisi Siracəddin Haci müqəddəs kitabımız olan Qurana istinad edərək, hər bitkinin, hər ağacın Allahın bir ayəsi olduğunu, biz insanların təbiətə bir mülkiyyət kimi deyil, Allahın bir əmanəti kimi yanaşmağımızın daha doğru olduğunu, təbiətə olan münasibətimizə görə əmanət sahibinə cavab verməli olacağımızı söylədi. Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdindəki ekoklubun sədri Bahar Tağıyeva çıxış edərək, bir tələbə kimi layihəni dəstəklədiyini bildirdi, daha bir təqdimatın APU-də təşkil olunması təklifini irəli sürdü, bu layihənin həyata keçirilməsində tələbə-gəncliyin fəaliyyətini  bacardığı qədər təmin edəcəyini söylədi.

Tədbirdə eyni zamanda ARDNŞ (SOKAR) Yaşıllaşdırma Departamentinin rəhbəri Sadiq Kərimov, AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev, BDU Ilahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov, sənətşünaslıq üzrə fələsfə doktoru Sabirə Dünyamalıyeva, Bakı Türk Evi İctimai Birliyinin, “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Bİrliyinin əməkdaşları, şəhər ictimaiyyətinin fəal nümayəndələri və tələbə-gənclər iştirak edirdilər. Tədbir iştirakçıları “Pətək” İctimai Birliyində tərbiyə alan uşaqların qurumuş yarpaqlardan hazırladıqları “Payız” ekspozisiyasını və “Aydınlığa doğru”  İctimai Birliyinin təqdim etdiyi maariflədirici video-çarxı böyük maraqla izlədilər.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here