Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevə həsr olunan anım tədbiri keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, o cümlədən şəhidin ailə üzvləri və cəbhə yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin əziz tutulmasının və gələcək nəsillərə çatdırılmasının önəmindən danışıb. Alim daha sonra şəhidin şücaətindən, keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, E.Baxşəliyev Qarabağ hadisələri kəskinləşdiyi vaxt anadan olduğu Ağdamın Boyəhmədli kəndində yaradılan könüllü özünümüdafiə batalyonuna qoşulub və 20 iyul 1993-cü ildə qəhrəmancasına həlak olub.

Sonda şəhid E.Baxşəliyevin ailəsi tərəfindən onun əşyaları muzeyə təqdim edilib.