Milli Dirçəliş Günü ilə bağlı Dəyirmi Masa təşkil olunub

17 noyabr tarixində Milli Dirçəliş günü münasibətilə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində yeni üzvlər və könüllülərin iştirakı ilə dəyirmi masa təşkil olundu.
Görüşün təşkil olunmasında məqsəd günün tariximizdəki yeri, əhəmiyyət və önəmindən bəhs etmək, bu istiqamətdə gəncləri maaarifləndirməkdi.

Tədbir zamanı Könüllülər üzrə Koordinator Cavid Kərimov çıxış edərək 17 noyabrın istiqlaliyyətə aparan yolundan, o zamankı gəncliyimizin mübarizliyindən bəhs etdi. Gənclərin tarixi hadisələrlə bağlı fikirləri dinlənildi.

1988-ci ilin noyabrın 17-də 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Bunları görən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi.

SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə mitinq iştirakçıları oradan zorla çıxarıldı. Onların bir qismi həbs edildi. O zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı – 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.

1992-ci il 17 noyabr tarixindən etibarən xalqın milli-azadlıq hərəkatının başlanğıc günü – Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

 

10322650_815401811852121_4791408611119590969_n 1513746_815402338518735_4275258048768286711_n 1978894_815402275185408_4887723905694065355_n