“Milli Kimlik” Araşdırma Mərkəzi Hilmi Ziya Ülkenlə bağlı elmi müzakirə təşkil etdi

“Müasir İnkişaf” İctimai Birliyinin “Milli Kimlik” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Türk Dünyasının universal zəkası: Hilmi Ziya Ülken” adlı tədbir keçirilib.

“Milli Kimlik” Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarının professor Hilmi Ziya Ülken yaradıcılığının işığına toplaşdıqlarını bildirdi. Natiq qeyd edib ki, H.Z.Ülken filosof, sosioloq, şair kimi geniş fəaliyyət profillərinə malik olub, həmçinin, Atatürk, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər önəmli şəxslərlə görüşərək onların fəaliyyətinə dair araşdırmalar aparıb. Mərkəz sədri Hilmi Ziya Ülkenin yaradıcılığının  AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Aytək Zakirqızının elmlər doktorluğu çalışmasının mövzusu olduğunu bildirib. A. Eyvazov Mərkəz tərəfindən yerli və türk dünyasının böyük şəxsiyyətlərinin ictimaiyyətə tanıdılması və təbliği üçün davamlı olaraq tədbirlərin təşkil ediləcəyini qeyd etdi.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Aytək Zakirqızı Hilmi Ziya Ülkenin həyat və yaradıcılığı haqqında haqqında geniş çıxış edib. O, mərhum alimin Azərbaycanla bağlılığı, türk xalqlarının düşüncə tarixi haqqında araşdırmalarından söz açıb. A.Zakirqızının sözlərinə görə Hilmi Ziya türk xalqlarının düşüncə tarixini sistemli vəziyyətə sala bilib. Çıxışçı alimin fəlsəfə, sosiologiya, etika, ədəbiyyat sahəsində çox geniş işlər gördüyünü vurğulayıb. Nümunə olaraq A.Zakirqızı alimin təşkilatçılığı ilə Türkiyədə Fəlsəfə Cəmiyyətinin yaradılmasını, fəlsəfəyə aid jurnalın dərc edilməsini göstərib. Onun sözlərinə görə H.Z.Ülken 1949-1960-cı illərdə Türkiyədə fəaliyyət göstərmiş Sosioloqlar Cəmiyyətinin sədri olub. Bir neçə dil bilən alim 1960-cı ildə çevrilişində “147-lər hadisəsi”nin qurbanı olur. A.Zakirqızı Hilmi Ziyanın Əli bəy Hüseynzadə, Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Yusuf Akçura, Cəlal Ünsizadə ilə əlaqəsindən və gördüyü işlərdən də danışıb. Hilmi Ziya Ülkenin yaradıcılığının müxtəlif aspektləri Prof.Dr. Erol Güngör, Prof.Dr. Eyyüp Sanay, Prof.Dr. Necati Önər, Prof.Dr. Süleyman Hayri Bolay, Prof.Dr. Mahmud Coşqun Değirmencioğlu, Prof.Dr. Nazmi Avcı, Prof.Dr. Kurtuluş Kayalı, Dr. Fahri Atasoy, Dr. Ayhan Vergili, Hüseyn Dıraman və b. tərəfindən tədqiqata cəlb edilib. O, deyib ki, alimin elmi fəaliyyəti 1990-cı illərdən sonra daha çox araşdırılıb.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov “Milli Kimlik” Araşdırma Mərkəzinə belə bir tədbirin təşkil olunmasına görə təşəkkür edərək bildirib ki, Aytək Zakirqızı uzun illərdir Hilmi Ziya Ülkenin yaradıcılığını araşdırmaqla məşğuldur. Onun sözlərinə görə, bugünkü müzakirədə elm tarixinə, fəlsəfəyə, sosiologiyaya, psixologiyaya, dilçiliyə aid məsələlər var. S.Hüseynov Ülkenin bir alim kimi fəaliyyətinin çox geniş olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova bildirib ki, keçmişdən bizə çox böyük zəngin irs qalıb. T.Allahyarova bu irsin davam etdirilməsinin zərurətindən danışıb. O, Hilmi Ziya Ülkeni ensiklopedik alim kimi xarakterizə edib. O, bu cür tədqiqatların dəstəklənməsi və genişləndirilməsi zərurətindən bəhs edib. T.Allahyarovanın sözlərinə görə bütün bunlar nəsillərarası, dövlətlərarası əlaqələrin möhkəmlənməsinə təsir edən amillərdir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva bildirib ki, mövzu onun üçün çox doğmadır: “Çünki Hilmi Ziya Ülken özünəməxsus yaradıcılığı və fəaliyyəti olan bir alim olub”. Alim Quranın tərcüməsi ilə bağlı tədbirdə səslənən fikirlərə toxunub. O, indi də bu istiqamətdə mübahisələr olduğunu qeyd edərək, bunun gələcəkdə geniş şəkildə müzakirəsinə ehtiyac yarandığını açılayıb. N.Əliyeva eyni zamanda qeyd edib ki, Aytək Zakirqızının atası AMEA-nın müxbir üzvü, tanınmış şərqşünas alim Zakir Məmmədovun irsini tanıtmaq istiqamətində çox böyük rolu var.

Daha sonra tədbirdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşları Elsevər Səmədov, Əhməd Qəşəmoğlu, AMEA Dilçilik İnstitutunun professoru Roza Eyvazova, AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Samirə Mir-bağırzadə, AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini Səbinə Nemətzadə çıxış edərək mövzu ətrafında fikirlərini, təkliflərini bildirdilər.