Milli kimliyimiz və ailə

Ailə deyiləndə ilk növbədə insanın ağlına ata-ana və övlad və ya övladlar gəlməkdədir. İnsan orqanizminin ən xırda hissəsi hüceyrələrdir, onlardan toxumalar, orqanlar, orqan sistemləri və s. yaradıldığı kimi cəmiyyətdədə bir iyerarxiya mövcüddur. Bu iyerarxiyanın mövcudluğu insan orqanizminin düzgün fəaliyyəti üçün nə dərəcədə mütləqdirsə cəmiyyətin sağlam olması üçün də ailənin və ailədəki fərdlərinin həm mənəvi, həm fiziki tərəfdən sağlam olması da bir o qədər vacibdir.
Bizim milli tariximizə baxılsa ailə barəsində bir çox mənbələrdə çox dəyərli məlumat ala bilərik. Misal üçün “Dədə Qorqud” dastanı Azərbaycan ərazisində yaşamış və burada yaşayan xalqların bünövrəsini qoymuş oğuz türklərinin həyatını əks etdirir. Ulu babalarımızın və nənələrimizin hansı əxlaqi prinsiplərə, hüquqi anlayışlara əsaslanaraq yaşaması, ailə qurması, övlad tərbiyə etməsi çox gözəl əks olunmuşdur: “Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə çəkməz.” deyərdi ulularımız.
Ailənin yaradılması bioloji baxımdan nəslin artırılması məqsədi ilə yaradılsa da, insanın bu səviyyədə bitməyərək son məqsədi cəmiyyətə və insanlığa faydalı bir şəxsiyyət dünyaya gətirib tərbiyə edib yetişdirməkdir. Yəni ailənin son nəticəsi olaraq sözün əsl mənasında insan, xeyirli cəmiyyət üzvü və vətəndaş olacaq övladdır.
“Ailə – cəmiyyətin özəyidir!” demişdi Karl Marks. Bu söz doğru olub, ancaq bu sözü söyləyənlər əsrlər boyu heç də ailənin möhkəmlənməsi deyil, əksinə ailə və fərd səviyyəsində istənilən cəmiyyəti idarə etmək və lazım gələrsə hətta o cəmiyyəti məhv etmək belə yollarını işləyib hazırlamışdır.
Günümüzdə insanlarda yaranmış mənəvi boşluğun doldurulması üçün dünyada min bir yalançı yollar mövcüddur. Hələ üstəlik bu yalançı və qatmaqarışıq yollar arasında doğru yolu tapmaq lap çətinləşir. Çünkü insanın fitrətində doğrunu axtarmaqla yanaşı yanlış yollara meyl etməsi də yer tutmaqdadır. Burada məşhur fransız alimi Blez Paskalın sözləri yada düşür: “Şər işləmək asandı, çünkü şərin minlərcə növü var!”
Günümüzdə qloballaşan dünyada cəmiyyət daxilində ailə və ayrılıqda üzvlərinə təsir edəcək minlərcə amilləri seyr etməkdəyik. Çinlilərin bir atalar sözü var “uşaqlar öz valideynlərindən çox öz zamanələrinə bənzəyirlər”. Bu kəlamın anlamıda yəqin ki həmin amillərin təsirinin nəticəsidir. Bunlara bir tərəfdən müxtəlif dövlətlərin maraqlarını güdən cəmiyyətlər, müxtəlif destruktiv dini və qeyri-dini sektalar, kriminal təşkilatlar daxildir.Başqa tərəfdən isə ailə problemləri ilə sıx əlaqədə olan xarici ölkələrin nümayəndəlikləri və qlobal, qeyri-hökümət və müxtəlif inteqrasiya təşkilatlarıdır. (misal olaraq U.S. Agency for International Development – USAİD, UNİCEF, Avropa Şurasının Sosial Həmrəylik komitəsi və s.)
Bundan əlavə qloballaşan dünyada ayrıca xalq və dövlətlərin öz milli adət-ənənələri zəifləməkdə, əksinə millətlərə öncədən onlara xas olmayan davranışlar aşılanmaqda və hətta beynəlxalq arenada həmin dövlətlərdən bunların tətbiq olunması mütləq şəkildə tələb olunmaqdadır.
Belə davranışlardan bəzi qərb ölkələrində ibtidai sinifdən və hətta uşaq bağçasından başlayaraq “seksual maarifləndirmə”, seksual azlıqların “ailə” yaratma və hətta uşaqlara himayədarlıq etməsi, “gender” yəni kişi-qadın bərabərsizliyi problemləri kimi göstərmək olar. Bununla yanaşı artıq bəzi MDB ölkələrində ədliyyə tərkibində “yuvenal ədliyyə” adında qurumların yaradılmasını görməkdəyik.
Bu qurum bir çox ölkələrdə qanuni məsələlərlə əsaslanaraq heç də hər zaman qanuni hərəkətlər etmir. Məsələn, qonşumuz Rusiya Federasiyasında 1995-ci ildə əsası qoyulan bu dövlət qurumunun səlahiyyətlərindən biri də uşaq və yeniyetmələrin hüququnu qorumaq məqsədilə “çətin yaşama vəziyyətində” olan ailələrdən uşaqların müsadirə olunması, onların uşaq evlərinə və ya yeni himayədarlara təslim edilməsidir. Nəzərə alsaq ki, bu qurumun fəaliyyəti 0-dan 18-yaşa qədər uşaqları əhatə edir onun işinin miqyasını təsəvvür etmək mümkündür. Bundan əlavə son vaxtlar “uşaq və yeniyetmələrin hüququnu qorumaq” adı altında onların “seksual maarifləndirmə”-si və ailə planlaması istiqamətində də işlər getməkdədir. Belə bir vacib məqamları əhatə edən sahəni yalnız hansısa bir quruma həvalə etmək həmin ölkə və dövlət üçün nə qədər təhlükəli olması barəsində məncə söyləmək artıqdı.
Məhz bunlara görə, zamanəmizdə ən çox təhdid və təhlükədə olan bizim gələcəyimiz, bizim övladlarımızdı. Ona görə də, özümüzü düzgün hədəflərə yönəldərək gələcək nəsillərə də doğru istiqamət verməyin ağırlıqı bizim nəslin çiyinlərinə düşməkdədir.
Məlumdur ki bizim ölkədə Azərbaycan Respublikasının Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
Yalnız dövlət başçısının daimi nəzarəti və müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycan Respublikasında bu istiqamətdə xeyli iş görülmüşdür. Bunun nəticəsi olaraq bizim respublikada ətraf qonşu ölkələrdə olan xoşagəlməz halları görməməkdəyik. Əksinə Azərbaycan Respublikası qloballaşan dünyada öz mövqeinə nail olmuş, hər zaman öz sözünü demiş, güclü daxili və xarici siyasəti olan bir dövlətə çevrilmişdir. Bundan əlavə dövlət başçımız hər an öz şəxsi nümünəsi ilə ailə anlamının nə qədər müqəddəs olduğunu bizə çatdırmağa müvəffəq olmuşdur.
Belə bir zamanda ölkəmizdə yaşayan ailə üzvü olan hər bir fərdin bir insanlıq və bir vətəndaşlıq borcudur ki heç bir xarici qüvvələrin təsirinə baxmayaraq dövlətimizin ətrafında birləşərək əsil azərbaycanlı ailəsi olmaq istiqamətində özünü maarifləndirsin və bunu ətrafdakılarnan bölüşüb gələcək nəsillərə çatdırsın.

Azər Əliyev

Tibb üzrə fəlsəfə doktoru

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here