“Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu”

DQİDK və İçərişəhər Cümə məscidi icması layihə çərçivəsində tədbir keçirib

“Azərbaycanda qeyri-sabitlik yaratmaq istəyində olan, dindən sui-istifadə edən, qarmaqarışıqlıq, məzhəblərarası ziddiyyətlərə hesablanan təkfirçiliyin qarşısını almaq üçün dövlətimizlə çiyin-çiyinə dayanmalı, dövlətçilik maraqlarımızı müdafiə etməliyik”.

İçərişəhər Cümə məscidində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İçərişəhər Cümə məscidi icması ilə birgə Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini icmalara yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, “Milli kimliyin formalaşmasında milli dəyərlərin rolu” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİK-nin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurulla, tanınmış ilahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli, QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli və icma nümayəndələri iştirak ediblər.

Tədbirə modetarotluq edən DQİDK səlahiyyətlisi Ceyhun Əliyev çıxışında ilk öncə qurumun sədri Mübariz Qurbanlının tədbir iştirakçılarına salamlarını çatdırıb və layihənin mahiyyəti barədə məlumat verib. Ceyhun Əliyev bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri ən yüksək həddə inkişaf edir və bu amil istər milli kimliyin, istərsə də milli dəyərlərin formalaşmasında, qorunub-saxlanılmasında önəmli rol oynayır: “Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il 27 noyabr tarixində Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Dini icmalara maliyyə yardımı göstərilməsi haqqında mühüm Sərəncam imzalayıb. Məhz bu Sərəncamdan sonra bir daha sübut olunub ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək inkişaf xəttini tutub. Burada əsas faktorlardan biri də dini icmalarda maarifləndirmə işlərinin aparılması, ölkənin inanclı kəsiminə dövlətinə, xalqına bağlılığı istiqamətində təbliğatların aparılması, o cümlədən dövlətçilik, milli kimlik və dəyərlərin qorunub-saxlanılması inkişaf etdirilməsidir. Məhz hazırkı layihə də bu aktual mövzunu əks etdirir”.

Ceyhun Əliyev qeyd edib ki, Azərbaycan dövlətçiliyinin rəmzi olan dövlət bayrağımızdakı rənglərdən biri də yaşıl rəngdir ki, bu islamçılığı tərənnüm edir: “Azərbaycan xalqının əsas hissəsinin islam dininə bağlı olmasını əks etdirən bu amil həm də ölkəmizdə tolerantlıq mühitini də tərənnüm edir. İlk növbədə dövlət-din münasibətlərində artan inkişaf xətti, o cümlədən, Prezident İlham Əliyev cənabları ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin arasında olan səmimi münasibətləri ölkəmizdəki dövlət-din münasibətlərinin ali göstəricisidir”.

DQİDK səlahiyyətlisi dünyada baş verən proseslərə də nəzər salaraq deyib ki, bu gün dünyada, xüsusilə Qərb ölkələrində müsəlmanlara qarşı münasibətlər göz önündədir: “O cümlədən, Suriyada, İraqda, Yəməndə və s. müsəlman ölkələrində baş verən qanlı olaylar da göstərir ki, müsəlmanlar diskriminasiyalara uğrayırlar. Ancaq Azərbaycanda multikultural dəyərlər, tolerantlıq qorunub-saxlanılır ki, bu da əsrlər boyu formalaşmış milli kimliyimizin, dəyərlərimizin qorunub-saxlanılmasının nəticəsidir. Biz bunu Aşura günü də gördük. Həmin gün müsəlmanlarla yanaşı, qeyri-müsəlman dini icmaların üzvləri, hətta xarici səfirlik nümayəndələri Təzə Pir məscidinə gələrək, orada keçirilən qanvermə aksiyasına qoşuldular. Bütün bunlar isə Azərbaycanda formalaşmış mükəmməl mühitin göstəricisidir. Əlbəttə ki, bütün bun ların əsasında daha bir faktor – Ulu Öndər Heydər Əliyev siyasəti və Onun bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev faktoru dayanır”.

QMİ-nin Səbail rayonu üzrə səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədlim çıxışında tədbir iştirakçılarına təşəkkür etdi və müqəddəs Qurani-Kərmdən kəlamlar oxudu.

Hacı Surxay Məmmədli DQİDK-yə və qurumun sədri Mübariz Qurbanlıya layihənin keçirilməsi üçün şərait yaradıldığına görə öz təşəkkürünü bildirdi və vurğuladı ki, bu kimi layihələrin, tədbirlərin həyata keçirilməsi dövlət-din münasibətləri fonunda milli özünüdərki kifayət qədər ehtiva edir: “Əlbəttə ki, bu br örnəkdir və bu örnəyi genişləndirmək, hər birimizin vətəndaşlıq borcumuzdur. Bu kimi layihələrimiz davamlı olacaq və biz çox şadıq, o cümlədən minnətdarıq ki, Azərbaycanın dövlət rəhbərliyi, ölkə Prezidenti cənab İlham Əliyev bu cür təşəbbüslərlə çıxış edir, bizlərə dəstək göstərir. Biz də bu önəmli fürsətdən istifadə edərək, milli kimliyimizin, dəyərlərimizin formalaşması istiqamətində var gücümüzlə çalışacaq, töhfələrimizi verəcəyik”.

Surxay Məmmədli daha sonra bildirib ki, Azərbaycanda çoxsaylı məscidlər, pirlər, ocaqlar fəaliyyət göstərir və bütün bunların qorunub-saxlanılmasında dövlət böyük görür: “Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri daim bu istiqamətdə təşəbbüslərlə çıxış edir, bunun isə təməlində milli dəyərlərimizin qorunması, inkişaf etdirilməsi məqsədi, amalı dayanır. Bu həm də bir siyasətdir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Eyni zamanda, bu cür layihələrin reallaşdırılması dini radikalizmə, din amilindən sui-istifadəyə qarşı bir səddir. Biz, İnşaAllah bu işimizi gələcəkdə də davam edirərək, inanclı kəsimə dövlətçilik ənənələrini, milli dəyərləri aşılayacağıq”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla da çıxışını müqəddəs Qurani-Məciddən kəlamlarla başlayaraq, bu kimi layihələrin keçirilməsinin zəruriliyindən danışdı və bildirdi ki, məhz Ulu Öndər Heydər Əıliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ölkədə məscidlərin, pirlərin, ocaqların kütləvi açılışı, təmir və bərpaları baş tutdu: “Bu, ilk növbədə Onun tərəfindən dəyərlərimizə göstərilən böyük sayğı və dəyər idi. Çünki sovet dövrü bir çox məscid və ibadətxanalarımız bağlı qalmışdı, ya da onlar tamamilə başqa məqsədlər üçün istifadə edilirdi. Heydər Əliyevin qayıdışından sonra Bibi -Heybət, Təzə Pir və o cümlədən, bölgələrimizdə məscidlərin bərpasına, yenidən qurulmasına başlanıldı. İnanclı insanlarımıza bundan böyük töhfə ola bilməzdi”.

QMİ rəsmisi daha bir xatırlatma edərək, Ulu Öndər Heydər Əliyev haqqında bir hadisədən bəhs etdi və bildirdi ki, Təzə Pirdə keçirilən Aşura mərasiminə təşrif buyuran Ulu Öndər xalqla birgə İmam Hüseyn əleyhissəlama təziyyə saxladı, müqəddəs Əhli-Beyt imamının kəlamlarından bəhs etdi, onların mahiyyətini açıqladı: ” Bu böyük şəxsiyyət Azərbaycanda böyük bir ənənənin təməlini qoydu və Prezident İlham Əliyev cənabları bu ənənəni davam etdirir. Biz xoşbəxtik ki, bizim müstəqil dövlətimiz, bayrağımız, ulu tarixə söykənən dövlətçilik tariximiz, ənənələrimiz var. Bizlər də bu müqəddəs amillərin ətrafında sıx birləşərək, milli kimliyimizi və dəyərlərimizi qoruyub-saxlamaq üçün, Azərbaycanda qeyri-sabitlik yaratmaq istəyində olan, dindən sui-istifadə edən, qarmaqarışıqlıq, məzhəblərarası ziddiyyətlərə hesablanan təkfirçiliyin qarşısını almaq üçün dövlətimizlə çiyin-çiyinə dayanmalı, dövlətçilik maraqlarımızı Allahın köməkliyi ilə müdafiə etməliyik. Allah dövlətimizə və Prezidentimizə də can sağlığı versin ki, bu işlərdə bizlərə ruh yüksəkliyi verir”.

İlahiyyatçı şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli də öz növbəsində bildirdi ki, bu cür layihələrin həyata keçirilməsi dövlət-din münasibətlərinin ən gözəl şəkildə tərənnümüdür: “Azərbaycan xalqı elə bir xalqdır ki, hər zaman öz dövlətinə bağlı olub və bu, əsrlər boyu davam edib. Ölkəmizdə formalaşmış bu mühüm hadisə hər birimiz tərəfindən qorunub-saxlanılmalı, inkişaf etdirilməlidir. Prezident ilham Əliyev cənabları bu işdə hər kəsə bir örnək və nümunədir. Biz elə də uzağa getməyərək, Gəncə şəhərində İmamzadə kompleksinin açılışını və orada möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nitqini xatırlamalıyıq. Bəli, bütün bunlar həm də müqəddəs dəyərlərin qorunmasıdır ki, dövlətimiz bu istiqamətdə böyük işlər görür. Biz onu da bilməliyik ki, açılan məscid və mədrəsələr milli kimlik və dəyərlərimizin aşılanmasında elm mərkəzləri kimi də fəaliyyət göstərir. Biz həm də ona imkan verməməliyik ki, milli kimlik və dəyərlərimizdən çirkin siyasi məqsədlər üçün istifadə olunsun. Ona görə də ilk növbədə bizə dəstək olan dövlətimizin, dövlətçilik maraqlarımızın ətrafında sıx birləşməliyik”.

Tədbirin sonunda tarixçi-araşdırmaçı Yusif Məmmədli Azərbaycanın dövlətçilik ənənələri, milli kimliyin qorunub-saxlanılması və dəyərlərin təbliği mövzusunda çıxış etdi.

 

olaylar.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here