Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Fevralın 6-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

Komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələ barədə məlumat verib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

İclasda iştirak edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçib və onların qanunvericiliyə uyğunluğu yoxlanılıb. Bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub.

Nazir müavini bildirib ki, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib. Bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 hektar torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən olunub və bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq mühafizə orqanlarına göndərilib, 14 fakt üzrə cinayət işi başlanılıb. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işi ilə bağlı bələdiyyələrin vəsaitlərin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub.

Deputatlar məruzə haqqında fikir və tövsiyələrini səsləndiriblər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here