Milli Qəhrəmanın doğum günüdür

Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günüdür.
Rövşən Nəriman oğlu Əliyev 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulub. Əslən Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub. 1991-ci ilin mayında könüllü olaraq orduya yazılıb.

Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılıb. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edib. Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev, 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here