Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği ilə bağlı görüş keçirilib

Şəhid Dilqəm Nəbiyev adına 178 N-li tam orta məktəbdə “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği” mövzusunda görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi tərəfindən həyata keçirilən “Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanların və vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Laləndər Hasilova məktəb haqqında qonaqlara məlumat verərək bildirib ki, məktəbin müəllim kollektivi şagirdlərin vətənpərvərlik ruhunda inkişaf etməsinə xüsusi diqqət yetirir. Bununla bağlı mütəmadi tədbirlər təşkil olunur.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” iİctimai birliyinin sədri Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Təşkilat rəhbəri Azərbaycanın Milli Qəhrəmanları haqqında geniş məlumat verərək, onların vətən qarşısında xidmətlərindən danışıb. Eyni zamanda xalqımızın bu qəhrəmanları daim yaşatdığını və xatirələrini uca tutduğunu qeyd edib.

Çıxış edən Qarabağ müharibəsi iştirakçısı Dəyanət Həsənov hələ məktəbli olarkən döyüşlərə qoşulduğunu bildirib. O, bu addımının vətənə, torpağa ana yurduna olan sevgisi ilə əlaqələndirib və hər bir şəxsin vətəni qorumaq uçün hər an döyüşə hazır olmağının vacibliyini qeyd edib.

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, şagirdlər müasir texnoloji imkanlardan istifadə etməklə milli qəhrəmanların tanıdılmasına və vətənpərvərliyin təbliğində öz tövhələrini verə bilər. Bunun üçün sosial şəbəkələrdə bu mövzularda paylaşımlar etmək lazımdır.

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin qadınlar şurasının sədri Ülviyyə Cümayeva da öz çıxışında Azərbaycan qadınının da müharibə dövründə şücaət göstərdiyini qeyd edib. O, hər bir azərbaycanlının ümdə vəzifəsinin dövlətinə və millətinə xeyir verməsi olduğunu və gənclərin də bu ruhda böyüməsini arzu etdiyini qeyd edib.

Görüş diskussiya və şagirdlərin çıxışları ilə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here