Misir Mədəniyyət Mərkəzinin müdiri Azərbaycanın müasir romanlarından bəhs edən yeni monoqrafiyasını MEK-ə hədiyyə edib

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydinin müəllifi olduğu “Müstəqillik dövrü Azərbaycan romanı. Mövzu, problematika və sənətkarlıq məsələləri (1991-2005)” adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.
“Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində nəfis üslubda çap olunan monoqrafiyada müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman janrı mövzu, problematika və sənətkarlıq məsələləri kontekstində təhlil olunub.
Kitabın elmi redaktoru və “Ön söz” müəlliflərindən olan professor Vaqif Sultanlı yazıb ki, monoqrafiya müəllifinin Azərbaycan ədəbiyyatına və bütövlükdə adət-ənənələrinə yetərincə bələd olması əsərin məna və məzmununa təsirsiz qalmayıb. Ciddi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyada təxminən on beş illik dövrün ədəbiyyatı araşdırma obyektinə çevrilib. Belə ki, burada İsmayıl Şıxlının “Ölən dünyam”, Əzizə Cəfərzadənin “Zərrintac-Tahirə”, “Eşq sultanı”, “Xəzərin göz yaşları”, Anarın “Ağ qoç, qara qoç”, Sabir Əhmədlinin “Axirət sevdası”, “Kef”, “Ömür urası”, İsa Muğannanın “İsahəq, Musahəq”, “Cəhənnəm” və digər yazıçılarımızın bir sıra əsərləri təhlil olunaraq mövcud ədəbi proses kontekstində dəyərləndirilib.
Vaqif Sultanlı vurğulayıb ki, kitabda müstəqillik dövrü Azərbaycan romanı, həmçinin Misirdə yaranmış eyni illərin müvafiq örnəkləri ilə müqayisəli şəkildə araşdırılıb, bu da tədqiqatın elmi dəyərini xeyli dərəcədə artırıb. Bu mənada Misir ədəbiyyatının görkəmli nümayəndələri Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasif, Yusif əl Qaid və başqa yazıçıların yaradıcılığı fonunda müasir ərəb romanları ilə analoji təhlillər aparılması diqqəti çəkir. Bu tipli müqayisəli təhlillər hər iki ədəbiyyatın bəlli janrlar çərçivəsində oxşar və fərqli dəyərlərini səciyyələndirməyə imkan verdiyindən elmi əhəmiyyət kəsb edir.
Monoqrafiyada Azərbaycan romanının sənətkarlıq məsələlərinə, estetik problemlərinə xeyli dərəcədə yer verən araşdırmaçı müstəqillik illərində janrın əldə etdiyi bədii uğurları səciyyələndirməyə çalışıb.
Filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədlinin kitaba yazdığı geniş və əhatəli “Ön söz”də də çəkilən zəhmətə və görülən işə yüksək dəyər verilib: “Əhməd Sami Elaydinin monoqrafiyası müəyyən mənada ədəbi prosesə kənardan və daxildən baxışın vəhdəti olmaqla gələcəkdə aparılacaq araşdırmalar üçün də müəyyən mənada yol açır, çünki fərqli dünyagörüş və dünyaduyumun sərgilədiyi münasibət həmişə “mübahisəlidir”, həmişə düşünməyə sövq edir.”
Üç fəsildən və 192 səhifədən ibarət bu kitab misirli alimin timsalında əcnəbi bir tədqiqatçının, oxucunun Azərbaycan ədəbiyyatına, xüsusilə də roman janrına müasir yanaşmasını ortaya qoyur. Bu baxımdan da monoqrafiya bütün zamanlarda öz aktuallığını itirməyəcək və dəyərli elmi mənbə kimi hər zaman istifadə olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here