Moskva Dövlət Universitetinin rektoru ali məktəbin filialları barədə Rusiya Prezidentinə məlumat verib

Bizim Bakı filialımız üçün ayrıca kampus inşa edilib və o, Azərbaycanın ən yaxşı universiteti sayılır. Burada 6 fakültə fəaliyyət göstərir, 500 tələbə təhsil alır.

Bu fikirləri Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə bildirib.

Rektor Rusiya Prezidentinə məlumat verib ki, MDU-nun 6 filialında, o cümlədən Azərbaycan, Qazaxıstan, Tacikistan filiallarında 3 min tələbə təhsil alır. O vurğulayıb ki, filialların işini respublikaların prezidentləri şəxsən nəzarətdə saxlayırlar. Universitetin filiallarının məzunları MDU-nun diplomunu alır və öz respublikalarında qalıb işləyirlər: “Ümid edirik ki, biz dostlarımızı hazırlayırıq”, – deyə rektor bildirib.

V.Sadovniçi qeyd edib ki, MDU-nun Çində, Sloveniyada filialları açılacaq. Universitetin İranla sıx əlaqələrinin olduğunu deyən rektor bildirib ki, bu ölkə ilə 37 saziş imzalanıb, bir neçə Lomonosov mərkəzi açılıb.