MQF ilkin bəyanat yayıb

Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ilkin bəyanat yayıb.
Xalqımızın və dövlətimizin inkişafında mühüm tarixi əhəmiyyəti olan 11 aprel 2018-ci il Azərbaycan  Respublikası Prezidenti seçkiləri yekunlaşdı. Bu seçkilər MSK tərəfindən 125 DSK üzrə 5641 məntəqədə keçirilmiş, o cümlədən, Azərbaycanın xarici səfirliklərində və konsulluqlarında  41 məntəqə yaradılmışdır.  Seçkilərdə qeydiyyata alınmış seçicilərin sayı  5 314 365,  seçkilərdə iştirak edən seçicilərin sayı  3 959 553, qeydiyyata alınmış namizədlərin sayı 8 nəfər olmuşdur. Seçkilərdə müşahidə missiyasını yerinə yetirmək üçün 59 ölkədən 61 təkilatdan 894 nəfər  beynəlxalq müşahidəçi və 58 175-dən çox yerli müşahidəçi qeydiyyata alınmışdır.
Azərbaycan Milli QHT Forumunun  (MQF) qərarı ilə MQF seçki qərargahı yaradılmış, aprelin 11-də keçirilən prezident seçkilərini 118 dairə üzrə 590 və republika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti  institutu olaraq müstəqil müşahidə həyata keçirmişdir.
MQF müşahidə missiyasının rəyi bundan ibarətdir ki, qanunların aliliyi və demokratik dəyərlər prinsipindən irəli gələrək, ölkədə azad, demokratik,şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün münbit şəraityaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi və Mərkəzi Seçki Komissiyasıtərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması  ölkədə demokratik seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaratmışdır. MQF seçki  müşahidə missiyası seçkidən öncə və seçki günü apardığı monitorinq zamanı seçki  qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməmişdir. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunmuşdur. Bundan əlavə, MSK tərəfindən 1000 məntəqədə video-müşahidə kamerası quraşdırılmış və bu məntəqələrdə seçkiləri onlayn müşahidə etmək imkanı yaradılmışdır. Səsvermə otaqları və seçki bülletenləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur.  Hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün 1455 məntəqədə mobil panduslar quraşdırılmış və onların səsverməsi üçün  şərait yaradılmışdır.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək, sıralarında 700-ə qədər QHT-ni birləşdirən  Azərbaycan Milli QHT Forumu bəyan edir ki, bu gün Azərbaycanda 11 aprel 2018-ci il Prezident seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf, ədalətli şəraitdə keçirilmişdir.
Azərbaycan Milli QHT Forumu bəyan edir ki, 11 aprel 2018-ci il Azərbaycan  Respublikası Prezidenti seçkiləri baş tutmuşdur və onun nəticələri xalqın iradəsini əks etdirir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here