“Müasir Azərbaycan qadını-3” layihəsi yekunlaşıb

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müasir Azərbaycan qadını-3” layihəsinin icrası başa çatıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində layihənin yekununa həsr olunmuş tədbirdə layihə iştirakçıları, ölkəmizin tanınmış elm, mədəniyyət, ədəbiyyat və sənət adamları, ölkəmizin cənub bölgəsinin fəal qadınları iştirak ediblər.

Tədbirdə çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Məmmədova qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb.

Sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Müasir Azərbaycan qadını-3” layihəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2014-cü ildə fəaliyyətə başlayan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin bu gün 4 yaşı tamam olur. Əvvəllər yalnız nitqi qüsurlu uşaqlara xidmət edən Mərkəz bu gün əhalinin bütün yaş qruplarına kompleks şəkildə psixoloji, psixo-pedaqoji və loqopedik xidmət göstərir. Hazırda “Loqos”un Bakı şəhərində 5, bölgələrdə isə 4 filialı var. Məlumat verilib ki, “Loqos” əhaliyə psixoloji xidmət göstərməklə yanaşı, bölgələrdə maarifləndirmə layihələrini də icra edir. Mərkəzin həyata keçirdiyi uğurlu layihələrdən biri də “Müasir Azərbaycan qadını” layihəsidir. İcrasına 2016-cı ilin fevral ayında başlanılan layihə çərçivəsində keçirilən tədbirlərdə ölkəmizin tanınmış elm, mədəniyyət, ədəbiyyat və sənət adamları qadınlarla müxtəlif mövzularda görüşlər keçiriblər.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, Dağıstan Qadınlar Birliyinin sədri İntizar Mamutayeva, Dərbənd Qadınlar Şurasının sədri Ayna Seyidova, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, dramaturq Enurə Abdullayeva, əməkdar müəllim Almaz Həsrət qadınların müxtəlif sahələr üzrə maarifləndirilməsində layihənin əhəmiyyətindən söz açıblar.

Diskussiya şəklində davam edən tədbirdə qadınları maraqlandıran suallar cavablandırılıb. Sonda Lənkəranın “Nənələr” və “Nəvələr” folklor kollektivləri qədim el nəğmələri söyləyiblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here