RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

Müasir dövrdə cinsi tərbiyə

1.0K

Cinsi yetkinlik mərhələsini hər bir insan keçir. Lakin bu mərhələnin sağlam şəkildə yaşanması üçün yeniyetmələrin xüsusilə də valideynlər tərəfindən düzgün və lazımi şəkildə məlumatlandırılması vacib məsələlərdəndir. İlk dövrlərdən başlayaraq ata – oğul, ana – qız münasibətlərinin təməli möhkəm olmalıdır ki, yeniyetmələr valideynlərindən qorxmadan, çəkinmədən tərbiyəvi – əxlaqi çərçivədə məlumatlana bilsinlər.

Valideynlər cinsi tərbiyə apararkən bu dövrün yeniyetmələrin gələcək həyatında “valideyn statusu” qazanmalarında əhəmiyyətli və önəmli dövr olduğunu izah etməli; həmçinin, şəxsi gigiyena qaydalarına əməl etməyi, zərərli vərdişlərdən istifadə etməməyi (siqaretçəkmə, alkoqol qəbulu, narkotik maddələrdən istifadə və s.); təsadüfi cinsi əlaqələrdən uzaq durmağı – təhlükəli infeksiyalar, zöhrəvi xəstəliklərin, HİV və hepatitlərin cinsi yolla keçdiyini, təhlükə mənbəyi olduğunu başa salmalıdırlar.

Müəllimlər və psixoloqlarla təmasda olmaq, lazım gələrsə mütəxəssis həkimlərin yardımından istifadə etmək valideynlərin cinsi tərbiyə siyasətinin vacib arqumentlərindən olmalıdır ki, ehtiyac yarandığı zaman onlar birlikdə optimal variant üzrə hərəkət etsin. Bununla yanaşı, yeniyetmələrin gün ərzində vaxtlarının əksər hissəsinin məktəbdə, tədris müəssisəsində keçdiyini nəzərə alaraq, dərs zamanı və ya sonra müvafiq mövzuda söhbətlər aparılmalı, dəyirmi masalar təşkil olunmalıdır. Daha effektiv nəticəyə cinsi inkişaf, cinsi tərbiyə və digər bu səpkidə olan məsələlərə həsr edilmiş fənnin tədrisi səbəb olar ki, bu zaman şagirdlər – yeniyetmələr onları maraqlandıran və ya qaranlıq qalan mövzuları aydınlaşdıraraq düzgün və əhatəli şəkildə məlumatlana bilərlər. Bunun da müsbət nəticəsi başlanğıcda 2 halda: 1. valideyn cinsi tərbiyə ilə məşğul olsa belə yeniyetmənin ilk növbədə, valideynlərindən soruşmaqdan çəkindiyi məsələləri aydınlaşdırmaq; bu zaman yeniyetmə istədiyi məlumatı kimdənsə və ya nədənsə öyrənməyə can atacaq, bəlkə də yanlış informasiyalara inanaraq doğru olmayan hərəkətlərə yol verəcəkdir; yeniyetmələr istədiyi informasiyanı valideynlərdən ala bilmirsə, ədəbiyyatdan və ya internetdən istifadə edərək öyrənəcək ki, bu dəfə isə yarana biləcək informasiya bolluğundan düzgün istifadə etməyə bilər. 2. bəzən yeniyetmələr müxtəlif səbəblərdən valideynlərin nəzarət və diqqətindən kənarda qalır ki, bu da fərdin yanlış istiqamətlənməsinə, arzuolunmaz hallara səbəb ola bilər.

Düşünürəm ki, cinsi inkişaf dövründə yeniyetmələrin həssas olduğunu nəzərə alsaq, onların cinsi tərbiyəsi prosesinə cəmiyyət də təsirsiz qalmır. Bu səbəbdən də cinsi inkişaf dövründə düzgün cinsi tərbiyənin aparılması ilə əlaqədar insanlar arasında maarifləndirilmənin həyata keçirilməsi effektiv olar. Günümüzdə informasiyanın əksərən internet, televiziya kimi kütləvi – informasiya vasitələrindən qəbul olunduğunu nəzərə alaraq yeniyetmələrin cinsi inkişafı zamanı nə etməliyik? və necə etməliyik? suallarına cavab verəcək virtual seminarlar və treninqlərin keçirilməsi, verilişlərin təşkil olunması kimi addımların atılması önəmlidir. Təbii ki, belə tədbirlərin həyata keçirərkən müvafiq sahə üzrə fəaliyyət göstərən həkimlərin, psixoloqların iştirakı əvəzedilməzdir.

Sağlam nəsil yetişdirmək üçün əldə olan imkanlardan layiqincə istifadə etmək, yeni imkanlar yaratmaq və tətbiq etmək mütləqdir.

Quliyeva Gülzar

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı